Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Almaniyanın Xristian-Demokrat və Xristian-Sosial İttifaqlarından (CDU/CSU) ibarət mühafizəkar blok Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendən Avropada tənzimləyici qaydaların yumşaldılmasını ultimatium formasında tələb etməyi planlaşdırır. Əks halda, onlar Avropa Komissiyasının səlahiyyətlərinin azaldılmasına çalışacaqlarını bildiriblər.
Bizimyol.info xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, Ursula fon der Lyayen özü də CDU üzvüdür və indiyə qədər onun Almaniya kansleri Fridrix Merts ilə Avropa İttifaqında islahatlar məsələsində yaxın mövqedə olduğu düşünülürdü. Lakin Berlinin ona təzyiq göstərməsi Almaniyanın “Avropa Komissiyasındakı müttəfiqlərinin islahatların ləng getməsi nəticəsi olaraq səbirsizləşdiyini” göstərir.
Məlumata əsasən, Avropa Komissiyasının rəhbəri bu gün Berlində CDU/CSU parlament fraksiyalarının birgə iclasında iştirak edəcək. Deputatlar bu görüş üçün Avropa İttifaqında islahatlara dair 27 tələbdən ibarət strateji sənəd hazırlayıblar.
Təkliflər arasında Avropa Komissiyasının fəaliyyətinə nəzarəti gücləndirmək üçün yeni fövqəladə nəzarət orqanının yaradılması və bu quruma Komissiyanın qanunverici təşəbbüslərinə veto hüququ verilməsi də var. Alternativ olaraq isə hazırda yalnız məsləhətçi funksiyaya malik olan Tənzimləmə Nəzarət Şurasının səlahiyyətlərinin genişləndirilməsi təklif olunur. Hər iki halda Avropa İttifaqının əsas sənədlərinə dəyişiklik edilməsi tələb olunur.
Alman mühafizəkarları həmçinin Aİ institutlarının səlahiyyətlərinin daha dar şəkildə şərh edilməsini, eləcə də Avropa qurumlarının fəaliyyət miqyasının azaldılmasını – o cümlədən bəzi strukturlarda işçi sayının ixtisarını – təklif edirlər.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.