EN

QHT-lərdə işçi motivasiyası: maliyyə olmayan stimulların rolu

"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT-lərdə işçi motivasiyasının əsasən maliyyə olmayan stimullarla—dəyərləndirmə, inkişaf imkanları, etibar, sağlam iş mühiti və mənəvi dəstək vasitəsilə gücləndirilməsi mövzusunda açıqlama verib.

QHT.az açıqlamanı təqdim edir:

"Qeyri-hökumət təşkilatlarında fəaliyyətin davamlılığı təkcə maliyyə resursları ilə deyil, insan resurslarının motivasiya səviyyəsi ilə də birbaşa bağlıdır. Sosial missiya daşıyan bu qurumlarda əməkdaşların işə bağlılığı təşkilatın effektivliyini müəyyən edən əsas amillərdən biridir. Çünki QHT sektorunda çalışan şəxslər çox vaxt yüksək əməkhaqqı üçün deyil, mənəvi dəyərlər və ictimai fayda naminə fəaliyyət göstərirlər. Buna görə də onların motivasiyasında maliyyə olmayan stimullar xüsusi əhəmiyyət qazanır. Belə stimullar əməkdaşın özünü dəyərli hiss etməsinə, təşkilata aidiyyət duyğusunun artmasına və uzunmüddətli sadiqliyin formalaşmasına kömək edir.

Əməkdaşın əməyinin görünməsi və qiymətləndirilməsi maliyyə olmayan motivasiya vasitələrinin ən təsirlilərindən sayılır. İnsan gördüyü işin rəhbərlik tərəfindən fərq edildiyini hiss etdikdə daha məsuliyyətli və həvəslə çalışır. Sadə bir təşəkkür, kollektiv qarşısında müsbət təqdimat və ya uğurun ictimai şəkildə qeyd olunması belə işçidə ciddi ruh yüksəkliyi yaradır. Xüsusilə QHT-lərdə layihələrin intensiv və gərgin iş rejimi nəzərə alınanda bu cür mənəvi dəstək əməkdaşın tükənməsinin qarşısını alır. Çünki bəzən bir xoş söz əməkhaqqı əlavəsindən daha güclü təsir göstərə bilir.

Peşəkar inkişaf imkanlarının yaradılması da işçi motivasiyasının əsas dayaqlarındandır. Təlimlərdə iştirak, seminarlar, beynəlxalq konfranslar və yeni bacarıqların öyrənilməsi əməkdaşın gələcəyə daha inamla baxmasına səbəb olur. İşçi anlayır ki, təşkilat onun yalnız bugünkü əməyindən deyil, sabahkı inkişafından da maraqlıdır. Bu hiss isə iş yerinə bağlılığı artırır. QHT-də çalışan mütəxəssis özünün hər gün bir az da böyüdüyünü görəndə fəaliyyətini sıradan iş kimi deyil, şəxsi inkişaf platforması kimi qəbul edir.

Qərarvermə prosesinə əməkdaşların cəlb olunması da güclü motivasiya alətidir. Rəhbərlik bütün qərarları təkbaşına verdikdə işçilər özlərini icraçı mexanizm kimi hiss edirlər. Amma onların fikirlərinin soruşulması, layihə planlamasında iştirak etməsi və təşəbbüslərinə şərait yaradılması fərqli psixoloji mühit formalaşdırır. Belə olan halda əməkdaş təşkilatın uğurunu öz şəxsi uğuru kimi görür. Məsuliyyət hissi də məhz bu nöqtədə dərinləşir.

Sağlam iş mühiti və səmimi kollektiv münasibətləri maliyyə olmayan motivasiyanın ən uzunömürlü formasıdır. İnsan hər gün getdiyi iş yerində özünü gərgin, sıxılmış və dəyərsiz hiss edirsə, heç bir texniki üstünlük onu orada saxlaya bilmir. Əksinə, mehriban ünsiyyət, qarşılıqlı hörmət və komanda ruhu əməkdaşın psixoloji rahatlığını təmin edir. Xüsusən QHT-lərdə missiya yönümlü işlər kollektiv həmrəyliyi tələb etdiyindən münasibətlərin sağlam olması işin keyfiyyətinə də təsir edir. Güclü komanda atmosferi əməkdaşın təşkilata emosional bağını möhkəmləndirir.

Elastik iş qrafiki və insana anlayışla yanaşmaq da bu sektorda çox önəmlidir. Sosial təşkilatlarda çalışan şəxslər bəzən sahə səfərləri, ağır pasiyent görüşləri və stresli hesabat dövrləri yaşayırlar. Bu zaman rəhbərliyin sərt nəzarət deyil, anlayış nümayiş etdirməsi əməkdaş üçün ciddi psixoloji dayaq olur. Məzuniyyətə rahat çıxış, ailəvi vəziyyətlərdə güzəşt və iş saatlarında müəyyən çeviklik işçinin təşkilata inamını artırır. O hiss edir ki, burada ona sadəcə əmək qüvvəsi kimi baxılmır.

Etibar və səlahiyyət verilməsi də motivasiyanı yüksəldən vacib faktordur. Əməkdaşa yalnız tapşırıq vermək deyil, ona müəyyən müstəqil qərar imkanları yaratmaq özünəinam hissini gücləndirir. İnsan etimad gördüyü yerdə daha yaradıcı olur, daha çox təşəbbüs göstərir və nəticəyə sahib çıxır. Xüsusilə gənc mütəxəssislər üçün bu, liderlik bacarıqlarının formalaşmasında mühüm rol oynayır. QHT-nin gələcək kadr potensialı məhz bu cür yetişir.
Təşkilat daxilində uğur hekayələrinin paylaşılması da əməkdaşları ruhlandıran təsirli vasitələrdəndir. Görülən işin real insan həyatında yaratdığı dəyişiklik əməkdaş üçün ən böyük mənəvi qazancdır. Məsələn, bir pasiyentin sağalması, bir ailənin sosial dəstək alması və ya bir icmanın maariflənməsi komandanın daxilində qürur hissi yaradır. Bu hiss əməkdaşlara gördükləri işin kağız üzərində hesabatdan daha böyük anlam daşıdığını göstərir. Beləliklə, onlar öz fəaliyyətlərinin cəmiyyətə toxunduğunu konkret şəkildə hiss edirlər.

QHT rəhbərliyi anlamalıdır ki, motivasiya yalnız maaş cədvəli ilə qurulan sistem deyil. İnsan bəzən daha çox anlaşılmağa, daha çox dəyərləndirilməyə və daha çox inkişaf etməyə ehtiyac duyur. Əgər təşkilat bu ehtiyacları düzgün oxuya bilirsə, məhdud büdcə şəraitində belə güclü və sadiq komanda yarada bilər. Maliyyə olmayan stimullar əməkdaşın qəlbində işinə qarşı sevgi formalaşdırır. İşinə sevgi ilə yanaşan insan isə hər bir QHT-nin ən böyük sərmayəsinə çevrilir".

Fatimə Nəbiyeva

Chosen
32
50
qht.az

10Sources