EN

“Qıraqkəsəməndə Kür çayında axın normadan təxminən 50% artıqdır" - Sadiq Həsənov

Son günlər intensiv yağıntılar və dağlıq ərazilərdə qar əriməsi nəticəsində Kür çayında suyun səviyyəsi artıb. Bu səbəbdən Mingəçevir su anbarından çayın aşağı axını istiqamətində suyun buraxılmasına başlanılıb. Mütəxəssislər bildirir ki, bu proses su ehtiyatlarının tənzimlənməsi və mümkün daşqın risklərinin qarşısının alınması məqsədi daşıyır.

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov QHT.az-a açıqlama verib. 

Sadiq Həsənovun sözlərinə görə, Bakı–Abşeron yarımadasında qısa müddətdə normaya yaxın həcmdə intensiv yağışlar qeydə alınıb: "Təxminən 200 millimetrə yaxın yağış qısa müddət ərzində düşdü".

Ekoloq vurğulayıb ki, atmosfer prosesləri və hava kütlələrinin qarşıdurması yağıntıların güclənməsinə səbəb olub: "Bu yağışların intensivliyi eyni zamanda yaz fəslinin yaxınlaşması, Günəşin regionumuza daha çox təsir etməsi, istilik şüalarının artması ilə bağlı olaraq hava mühitini müəyyən qədər yumşaltdı və istiləşmə prosesini gücləndirdi. Nəticədə Arktik zonadan daxil olan soyuq hava kütlələrində müəyyən zəifləmə müşahidə olundu, eyni zamanda cənubdan – Aralıq dənizi üzərindən gələn isti hava kütlələri ilə toqquşma baş verdi. Bu da ümumilikdə hava şəraitinin dəyişməsinə və yağışların intensivləşməsinə səbəb oldu".

S.Həsənov qeyd edib ki, yağıntılar nəticəsində su ehtiyatlarında və çay axınlarında artım müşahidə olunub: "Bu yağıntılar su ehtiyatlarının həcmini artırdı. Yeraltı və səth sularının səviyyəsi yüksəldi, çaylara gələn axınların həcmi artdı. Xüsusilə Kür çayında suyun səviyyəsində ciddi artım qeydə alındı".

Onun sözlərinə görə, Kür çayında Qıraqkəsəmən məntəqəsində axın ciddi şəkildə yüksəlib: "Son qiymətləndirmələrə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində saniyədə təxminən 740 kubmetr axın müşahidə olunub. Halbuki normal göstəricilər 400–450 kubmetr arasında olurdu. Bu isə təxminən 50 faizə yaxın artım deməkdir".

Sadiq Həsənov bildirib ki, su anbarlarından buraxılan artıq su Kür çayının səviyyəsini yüksəldib: "Eyni zamanda Mingəçevir, Şəmkir və digər su anbarlarında da doluluq səviyyəsi artdığı üçün artıq suyun bir hissəsi Kür çayına buraxılıb. Məlumatlara görə, Mingəçevir su anbarından buraxılan suyun həcmi təxminən 600 kubmetr təşkil edib və bu da çayın səviyyəsinin yüksəlməsinə təsir göstərib".

Ekoloq əlavə edib ki, bəzi bölgələrdə çaya yaxın ərazilərdə qismən təsirlərin olması mümkündür: "Bununla belə, ciddi daşqınlar qeydə alınmasa da, bəzi ərazilərdə – Ağcabədi, Zərdab, Salyan və digər rayonlarda çaya yaxın yaşayış məntəqələrində qismən təsirlərin olması mümkündür. Lakin ümumi vəziyyət normanı aşmır".

Onun fikrincə, hava istiləşdikcə vəziyyətin tədricən normallaşması və daşqın riskinin azalması gözlənilir: "Əgər yenidən intensiv yağışlar olarsa, Kür çayında sululuğun artması daşqın riskini də yüksəldə bilər. Lakin hazırkı proqnozlara görə, belə bir intensivləşmə gözlənilmir".

Nəticə olaraq S.Həsənov vurğulayıb ki, su ehtiyatlarının səmərəli idarə olunması ölkə üçün strateji əhəmiyyət daşıyır: "Ümumilikdə havanın istiləşməsi və yağışların azalması ilə vəziyyətin tədricən normallaşacağı gözlənilir. Bundan sonra su axınları da əvvəlki səviyyəyə qayıda bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda su ehtiyatlarına görə ən az təmin olunmuş ölkələrdən biridir. Ona görə də toplanan su ehtiyatlarından xüsusilə yay dövründə səmərəli istifadə olunması – həm kənd təsərrüfatı, həm də içməli su təminatı üçün mühüm əhəmiyyət daşıyır".

Fatimə Nəbiyeva

Chosen
14
36
qht.az

10Sources