EN

Nə edək bura “siyasi səhralıq” olmasın?..

Bir neçə il bundan əvvəlin söhbətidir. Redaksiyaların birində söhbət edirdik. Daha doğrusu, bir nisbətən gənc jurnalist öz müsahiblərindən – müsahibə götürdüyü siyasət adamlarından danışırdı. Onlara lağ edir, ələ salırdı. Axırda da dedi ki, bu ölkədə filankəsdən yaxşı müsahibə verən yoxdur və bunu deyib elə bir yaltaq “deputat”ın adını çəkdi ki, inanın, az qaldı, ətim ürpəşsin!..

İstədim, etiraz edim, ona bir söz deyim, amma etmədim. Bilirsinizmi, niyə demədim? Gizlətmirəm, şəxsən mən, illərdir, hətta öz həmkarlarıma belə onların hansısa yazısı, fikrilə bağlı münasibət bildirməyə, söz deməyə cəsarət etmirəm, hətta çəkinirəm.

Odur, heç nə demədim, bizim müdrik azərbaycanlılar demiş, dərindən fikrə getdim. Amma bilirsiniz, nə deyərdim? Söyləyərdim ki: “Həmkar, indinin özündə belə Azərbaycanda istənilən məsələylə bağlı çox müfəssəl şərh verə bilən adamlar var, o cümlədən də siyasətlə bağlı. Sadəcə, sənə onları yox, başqalarını tapşırıblar, çünki onlara məhz həmin tərifli yaltağın münasibəti lazımdır. Səni də başa düşürəm, gənc adamsan, bəlkə ailən, uşağın da var, amma ki, heç olmasa, dar çərçivədə, bir-iki etibarlı dost-tanışın yanında yalan danışma!”...
Belədəsə, kim bilmir ki, artıq doxsanıncı illərdə bəzi “məmur-ideoloqlar” hər şeyi qeyri-rəsmi şəkildə bölüşdürmüş, reqlamentləşdrimişdi ki, məsələn, kimdən nəyi soruşmaq olar? Məsələn, bizim kimi adamlardan yalnız müxalifətlə bağlı nəsə soruşmaq olardı. Halbuki şişirtmə üçün demirəm, ölkədə beş-üç adam vardı ki, onlardan çox Qarabağ haqda, nə bilim, geopolitika–xarici siyasətlə bağlı, hətta demokratiya haqqında yazan yox idi. Amma olmazdı! Birincisi, bu adamların sadaladığım məsələlərlə bağlı fikri həmin “məmur-ideoloq” ağalara sərf etmirdi. İkincisi, heç bir halda cəmiyyətdə, insanlarda belə adamlarla bağlı fikir yaranmamalı idi ki, onlar da hansısa sahələr üzrə ekspert–mütəxəssis sayıla bilərlər. Üçüncüsü, məhz belə adamlara, müxalif və yaxud da müstəqil düşüncəli insanlara müxalifəti “tənqid etdirmək” lazım idi ki, bir az inandırıcı olsun...
Gizlətmirəm, mən də vaxtilə müxalifəti tənqid etmişəm, eləcə də digər siyasi təhlil adamları da. Hətta “Monitor”da belə rəhmətlik Elmar müxalifətlə bağlı mütəmadi yazılar verirdi. Başqalarını bilmirəm, amma şəxsən nə mən, nə də əminəm ki, rəhmətlik Elmar bunu kimlərinsə tapşırığı, diqtəsilə etmirdik.
2000-ci ilədək müxalifətlə sıx bağlı olmuşam, onunla bağlı müəyyən fikirlərim, planlarım olub və hərdən bunları yazmışam, səsləndirmişəm. Rəhmətlik Elmarsa, ümumiyyətlə, nəinki hakimiyyətlə, heç müxalifətlə də bağlı adam deyildi, o da, mən də müxalifətdən daha yaxşı bir şey düzəltməyə cəhd edirdik -bəlkə də səhv edirdik, yanılırdıq, bunun daha optimal yolunu tapa bilmirdik, amma böyük çıxmasın, məqsəd bu idi, başqa şey yox idi. İndinin özündə də şəxsən mən istəmərəm bir müxalifətçinin və ya müstəqil düşüncəli adamın ayağına çınqıl dəysin, əksinə mənə bəzən əzab verir ki, ənənəvi media baxış bucağını çox kiçildib. Özü də bunun nə hakimiyyətə, nə cəmiyyətə, nə də medianın özünə heç bir xeyri yoxdur: biz nəyisə yazmasaq, deməsək guya insanlar bunu bilməyəcək və yaxud bilmirlər?..

O ki qaldı müxalifətçilərə, müxalifət partiyalarına, ABŞ kimi harın ölkələrdə insanlar bir də görürsən 60 - 70 yaşından sonra siyasi sevdaya düşürlər. Bir dəfə yazmışdım ki, hətta sərsəm Trampdakı enerjiyə-həvəsə baxanda adam az qala, özü də həvəsə düşür. Amma bizim bəzi siyasi qüvvələr qəti təlaşa düşməsinlər, keçmiş müxalifətçilərin çoxu 60-ı adlayıb, hətta 70-ə çatanı və onu keçənlər də var. İnsanlarımızın “materialı”, səhiyyəmiz elə bir vəziyyətdədir ki, bu adamlardan “Oram ağrıdı, buram ağrıdı!”dan savayı artıq bir şey eşitməzsən.

Həm də bizim siyasətdə bilirsiniz, nə çatmır? DURULMA, YENİLƏNMƏ! Hər şey vaxtından çox qalanda “kiflənməyə” başlayır – bu siyasətə də, müxalifətə də, hətta hakimiyyətə də aiddir. Bir vətəndaş kimi də bunu çox adam hiss edir. Yaponiyada məşhur partiya var, hətta adı da yaponlar üçün xarakterik deyil: səhv etmirəmsə, liberal - demokrat deyirlər özlərinə. O, az qala, bir əsrdir ən müxtəlif formalarla, formatlarla hakimiyyətdədir.

Amma həmin partiya daim öz üzərində işləyir, ictimaiyyətin, öz opponentlərinin ciddi nəzarəti altındadır, onların deputatları bizim bəzi “deputatlar” kimi seçicilərinə “Siz səs verməsəniz də deputat olacam!” demirlər və yaxud da hər dəfə “Lazım gələrsə, Konstitusiyanı dəyişərik” kimi xəbərdarlıqlar etmirlər.

Özü də ən dəhşətlisi bilirsiniz, nədir? Bəziləri düşünür ki, guya bunlar yaltaqlıq etməklə hakimiyyətə böyük güc-dəstək verirlər. İnanın, belə deyil: gedin cəmiyyət içinə, görün, bu adamların belə “çıxış”larının zərrə qədər pozitiv nəticəsi varmı? Tamam əksinədir!
Birincisi, insanlar heç onları dinləmirlər, hamısı bütün günü telefon-filanla qurdalanır. İkincisi, hətta dinləyənlərdə də belə çıxışlar ikrahdan başqa şey yaratmır.
Bunu bir dəfə elə bu saytımızda yazmışam. İllər öncə bir həmkarım deyirdi ki, guya sayta hakimiyyətyönümlü nəsə bir şey qoyan kimi “uçur”, amma insanlarda müxalif, müstəqil fikrə guya zərrə qədər maraq yoxdu! Onda da dedim ki, xub, bəs niyə bu vaxta qədər sırf hakimiyyətryönümlü bir populyar radio, televiziya, qəzet-jurnal, hətta sayt yaranmadı?
Hakimiyyətyönümlü medianın təmsilçiləri necə bir diqqqətə layiq görülüblər, düşünürəm, bunu ağartmağa dəyməz. Amma məndə bir sual yaranır: hansı xidmətlərinə görə? Otuz il əvvəl, yaxud da ki, indi, amma görün, bunları izləyən, oxuyan, dinləyən varmı? İnciməsinlər, hətta bu adamların özlərini də cəmiyyətə daha çox müstəqil media tanıdıbdır...

Bu məsələ indi də aktualdır. İnanın, özümüzü artıq nə hakimiyyətyönümlü, nə də müxalifətyönümlü hesab etmirik, çox təəssüf, onların hər ikisinin yönümü heç vaxt bizim kimi adamlara tərəf olmayıb. Amma hələ 90-cı illərdə deyilirdi ki, qardaşlar, insanlar, məsələn, bir qəzet alıb hər şeyi oradan oxumaq istəyirlər. Bax, prinsip bu, olmalıdır, hərçənd, artıq gecdir...
Durulma bütün sferalarda olmalı idi, bizim hamımızın təsəvvürləri də dəyişməli, yenilənməlidi. İkicə misal çəkəcəm.

Birincisi, axır vaxtlar başlamışam bizim bəzi internet-radioları da dinləməyə. Sadəcə, bugünlərdə eşitdiyim bir fikrə münasibət bildirmək istəyirəm.
Müxalifətçilər deyir ki, hakimiyyətlə dialoqun, ümumiyyətlə, əleyhinəyik. Adamın fikridir, başa düşürəm. Amma sual yaranır: niyə, qardaşım? Düşmən ölkələr, müharibə aparan dövlətlər belə axırda stol arxasına keçib danışmağa başlayırlar.

Üstəlik, gəlin, açıq danışaq, bir görək, Azərbaycan müxalıfətinin indi real gücü nə qədərdir? Çox təəssüf ki, heç qarşı tərəfin - hakimiyyətin də hələ belə fikri yoxdur. Amma heç də pis olmazdı...

Gec-tez hamı məcbur olacaq, dialoqa gedəcək, çünki başqa yol qalmayacaq. Bunu indi etmək düzgün olmazdımı? Niyə biz müsəlmanlar heç vaxt başqasının təcrübəsindən öyrənə bilmirik, axı niyə hamımız nəyisə yalnız öz başımız divara dəyəndən sonra anlamağa başlayırıq? Keçmiş müxalifətçilərmizdən birinin yaxşı sözü vardı: düzdür, adam kişi olmalıdır, amma kişi də adam olmalıdır axı!..

İllər öncə Azərbaycanda da ilk bələdiyyə seçkiləri keçiriləndə deputatların biri qayıdıb nə desə yaxşıdır: “Müxalifətin məqsədi burada ikinci Gürcüstan yaratmaqdır!”.
Aydınlıqçün deyim ki, deyəsən, Mixeil Saakaşvili ilk dəfə məhz bələdiyyə başçısı kimi önə çıxmışdı. Sözüm bunda da deyil, demək istədiyim odur ki, qardaşım, bələdiyyələrə də şəffaf, düzgün seçki keçirmək istəmirsinizsə, ölkənin axırı necə olacaq? Hiss etmirsinizmi, o, tədricən “siyasi səhralığa” çevrilir? İnanın, bunun ardınca başqa “səhralıqlar” da gələcək!..
Həmin “deputat” bunu niyə deyirdi? Ona görə belə deyirdi ki, alnında heç üç barmaq yerləşməyən bu adam hətta özünün də bir vaxt təsəvvür edə bilmədiyi firavanlıq içində yaşayır. Elə bilirsiniz, belələri bu sözləri prezident İlham Əliyevi sevdiyindən, ya rəhmətlik Heydər Əliyevə olan ehtiramından deyir? Əsla! Özləri üçün çalışırlar!

İndi korrupsioner kimi vurulub kənara atılan bəzi nazirlərdən çox Fəxri Xiyabanda görünən yox idi. Nə oldu? Heç olmasa, bir gün özünüz üçün çalışanda bir gün də Heydər Əliyev, İlham Əliyev üçün, öz partiyanızın camaat arasında həqiqətən də nüfuz qazanması üçün çalışa bilməzdizmi?

Mən sorğu-filan keçirməmişəm, amma düşünürəm ki, prezident İlham Əliyev hələ də ən demokratik seçkidə belə seçilmək imkanına malikdir - əlbəttə, ilk növbədə Qarabağa görə! Problem yaltaq deputatların, korrupsioner məmurlarındır. Gözəl bilirlər ki, ölkədəki siyasi – iqtisadi sistem kardinal şəkildə dəyişsə, hər şeyi itirəcəklər, nə bunları seçən olacaq, nə də vəzifəyə təyin edən! Çox güman, oğurladıqları da bir gün əllərindən alınacaq...

Onları qorxudan da budur, bunlar nə rəhmətlik Heydər Əliyev, nə də İlham Əliyev üçün çalışırlar, özləri üçün çalışırlar. Guya vaxtında rəhmətlik Heydər Əliyevin harasa seçilmək problemi vardı? Bir dəfə artıq dünyasını dəyişmiş ASDP sədri Araz Əlizadədən Ali Sovetə birinci dəfə - rəhmətlik Ayaz Mütəllibovun vaxtında necə deputat seçilməsini soruşdular. Adam bilirsiniz, nə dedi? “Hamı necə seçilmişdisə, mən də elə seçilmişəm! O vaxt yalnız bircə nəfər, Heydər Əliyev həqiqətən də özü seçilmişdi!”. Düşünürəm, izafi şərhə ehtiyac yox...
Ona görə də prezident İlham Əliyev resurslarından istifadə edib ciddi daxili islahatlara getsəydi bu, Qarabağın azad olunmasından sonra onun siyasi aktivinə yazılacaq ikinci böyük hadisə olardı – inanın, insanların heç də hamısı unutqan olmur...

Bu mənada dialoq hamımız üçün böyük xoşbəxtlik olardı. O ki qaldı müxalifətə, onu da ideallaşdırmırıq. Bir zarafatyana detal deyim, amma çox xahiş edirəm, başqa səmtə yozmayın.
Hələ 90-cı illər idi. Bir müxalifətçi tanışım deyridi ki, filan müxalifət lideri (o yazığın özünün bu “bənzətmə”dən bəlkə xəbəri də yox idi, hətta eşitsəydi, yəqin inciyərdi!) zahirən Mircəfər Bağırova oxşayır, seçkilərdə bunun da rolu ola bilər, çünki xalq hələ də Bağırovu sevir!..
Onda da dedim ki, qardaşım, bir gör, Bağırov kim idi? Əlbəttə, bütün yazılanlar, hətta böyük tarixçilərin yazdıqları hələ mütləq həqiqət deyil, tarixşünaslıqda da çox böyük yalanlar ola bilir.
Amma bəzi tarixçilərin yazdığına görə, Mircəfər doğma qardaşını öldürüb sənədlərini mənimsəyən olub! Bir daha deyirəm, çoxdan oxumuşam, bəlkə də tamam yalandır, çünki “perestroyka” vaxtı hər şey biri-birinə qarışmışdı, həqiqətlərlə birlikdə çoxlu böyük yalanlar da yazılırdı, yəni Bağırov haqda da böyük yalanlar yazıla bilərdi.

Hətta onu da deyim ki, bu adam haqqında xeyli pozitiv şeylər yazan tarixçilər də var (bəzisi onu az qala, gizli millətçi - müsavatçı kimi təqdim etməyə çalışır!), hətta indinin özündə belə! Yəni tarixşünaslıq bu məsələdə hələ nöqtəsini qoymayıb, çox şey mübahisəli olaraq qalır, ona görə də yanlışlıq varsa, üzürlü sayın, qüsur bilməyin, hər halda, peşəkar tarixçi deyilik biz.
Amma bütün hallarda, o, mələk də olmayıb, bir çox mənbələrə görə, Mircəfərin digər böyük günahları da olub. Adam özü də məhkəmədə deməmişdimi ki, məni parça-parça etsəniz də haqqınız var! Hərçənd, bəzi tarixçilər bunu da inkar edir və Mircəfərin guya bir az fərqli söz dediyini iddia edirlər. Nə demək olar? Ümid edək ki, nə vaxtsa bütün bu məsələlərə də nəhayət ki, aydınlıq gətiriləcək...

Belədəsə, 21-ci əsrdə neyləyirik “qotur” (Yenə də bəzi yazılanlara görə, adam guya ekzemadan əziyyət çəkirmiş. Bunu da iddia edənlər və təkzib edənlər vardı. Yanlışdırsa, səhvdirsə, üzürlü sayın!) Mircəfərləri? Yoxsa bu yaşımızda hamılıqla məhbəsə yollanmaqçün lazımdır onlar bizə? Siz mənə Azərbaycanın gələcək, gənc Havelini (misalçün!) göstərin və mən də bu yaşımda durub onun keçəcəyi küçələri süpürüm!..

Hərdən ağlıma nə gəlir? Bizim-iqtidarlı, müxalifətli və hətta müstəqil düşüncəli adamların hamısı keçmişin, sovetin adamlarıyıq və mən deyən əsl DURULMA - SAFLAŞMA bəlkə o vaxt başlayacaqdır ki, hamımızı tamamilə yeni bir nəsil əvəz edəcək.

O nəslin nə müxalifətinə, nə də hakimiyyətinə izah etmək lazım gəlməyəcək ki, insanlarla, ya cəmiyyətlə ortaq məxrəc tapmağın bir yolu var: dialoq. Hər halda, buna ümidliyik. Amma o, da var ki, artıq bir dəfə ümid bizim nəsli möhkəm aldadıb. Allah ikincisindən qorusun: xoşbəxt gəncliyimiz olmadı, doğrudanmı, heç rahat qocalığımız da olmayacaq?..

Chosen
37
24
musavat.com

10Sources