Ağstafa, 27 aprel, AZƏRTAC
Ağstafa rayonunun Dağ Kəsəmən kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar bölgənin minilliklər əvvəlinə uzanan tarixini yenidən gündəmə gətirib. Əkin sahələrinin arasında yerləşən Ağalıqtəpə yaşayış yerində Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən genişmiqyaslı tədqiqatlar aparılır. Alimlər hesab edirlər ki, burada əldə olunan tapıntılar bölgənin Erkən Dəmir dövrü tarixini daha aydın şəkildə ortaya qoyacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Ağalıqtəpə yaşayış yerində xarici mütəxəssislərlə birlikdə elmi-tədqiqat işlərinə başlanıb. Almaniyalı arxeoloqlarla Azərbaycanlı alimlərin birgə apardığı arxeoloji qazıntılar zamanı ərazidən zəngin maddi mədəniyyət nümunələri aşkar olunub. Eyni zamanda, xarici laboratoriyaya 18 karbon analizi göndərilib.
Ağalıqtəpə əsrlərin, hətta minilliklərin yaddaşını qoruyur. Abidə Gəncə-Qırmızı Körpü magistral yolunun kənarında, əkin sahələri ilə əhatələnmiş ərazidə yerləşir. Uzunluğu 345 metr, eni 170 metr olan bu yaşayış yerinin ümumi sahəsi təxminən 6 hektardır. Qazıntılar AMEA Arxeologiya və Antropologiya İnstitutunun təsdiqlənmiş baş planına uyğun olaraq aparılır. Layihəyə Azərbaycan tərəfindən tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov Almaniya tərəfindən isə professor Martin Gruber rəhbərlik edir. “Ağalıqtəpə yaşayış yerindən tapılan materialların unikallığı onunla sübut olunur ki, bu ərazidən aşkar edilən xeyli miqdarda metal çıxarlar, şlak nümunələri bizə onu deməyə əsas verir ki, abidənin ərazisində aid olduğu dövrdə metaləritmə kürəsi olub və metaləritmə kürəsindən istifadə həm təpənin yerli sakinlərinin gündəlik tələbatlarını ödəyib. Eyni zamanda, bundan mübadilə vasitəsi kimi də istifadə ediblər. Arxeoloji ekspedisiyanın nəticələri də çox uğurludur. Biz abidənin mütləq yaşının müəyyən edilməsi məqsədilə xeyli sayda analiz nümunələri təqdim etmişik. Bu analizlər Almaniyanın nüfuzlu laboratoriyalarında təhlil edilib və abidənin dövrünü bizim də təyin etdiyimiz kimi eramızdan əvvəl VIII-VI əsrlərə qədər olan bir dövrü, aralığı özündə ehtiva edir”, –deyə Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent, ekspedisiyanın rəhbəri Şamil Nəcəfov bildirib.
İlk mərhələdə 200 kvadratmetr, daha sonra isə əlavə sahələrdə qazıntılar aparılıb. Hazırda ümumi tədqiqat sahəsi 300 kvadratmetrə çatdırılıb. Torpağın 80 santimetr dərinliyinə qədər enən qazıntılar zamanı maraqlı tikili qalıqları üzə çıxıb. Çiy kərpicdən inşa edilmiş, əsasən düzbucaqlı formalı tikililər diqqət çəkir. Bəzi divarlar qoşa hörgü ilə tikilib və arası torpaqla doldurulub. Bu isə qədim tikinti texnikasının düşündürücü nümunəsi kimi qiymətləndirilir. Ərazidə iri təsərrüfat küpləri, orta və böyük həcmli quyular, ocaq yerləri, müxtəlif keramika nümunələri, metal və sümük ox ucluqları, iy başlıqları, möhür və çıxarlar aşkar edilib. Tapıntılar qədim sakinlərin təsərrüfat həyatı, məişəti və sənətkarlıq fəaliyyəti haqqında mühüm məlumatlar verir. Qazıntılar zamanı 7 insan skeleti də aşkarlanıb.
“Azərbaycanlı həmkarlarımızla apardığımız qazıntıları birgə elmi əməkdaşlıq baxımından faydalı hesab edirəm. Maraq dairəmizdə olan bu abidə orta Kür hövzəsində həmdövr abidələrin araşdırılmasında yeni istiqamətdir. Qabaqcıl elmi-tədqiqat metodlarına əsaslanaraq qazıntılar təşkil edilib. Başlıca istiqamət Erkən Dəmir dövründə bölgədə əhalinin populyasiyası, yerdəyişmələri, istehsal ocaqlarının tapılmasıdır. Azərbaycanlı həmkarlarımızla tədqiqatlarımız gələn il də davam etdiriləcək. Tapıntıların analizləri Almaniyanın qabaqcıl texnologiyaya malik laboratoriyalarında həyata keçirilir. İlkin müşahidələrimiz abidənin ərazisində məskunlaşmanın eramızdan əvvəl VIII-V əsrlərdə mövcud olması müəyyən edilib. İnsan sümükləri konkret qəbir kameralarından tapılıb və fərqli yaş mərhələlərinə aiddir. Bu sallama qəbirlərin eyni dərinlikdən tapılması, eyni istiqamətdə dəfnlərin həyata keçirilməsi maraq doğurur”, - deyə Almaniyanın Vürsburq şəhəru Julius Maksimilianius Universitetinin professoru Martin Gruber əlavə edib.
Alimlər bildirirlər ki, tikililərin sıx yerləşməsi burada nəsil-tayfa birliklərinin və patriarxal ailələrin kompakt şəkildə yaşadığını deməyə imkan verir. Qazıntılar davam etdirilir. Hər yeni tapıntı isə bu bölgənin qədim tarixinin hələ tam açılmamış səhifələrini bir qədər də aydınlaşdırır.