Bildirilib ki, sözügedən saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb. Sənədin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq və bu sahədə əlaqələri genişləndirməkdir.
Qeyd olunub ki, saziş çərçivəsində hərbi təhsil, təlim və təcrübə mübadiləsi, sülhməramlı və humanitar əməliyyatlar, eləcə də maddi-texniki təminat və hərbi-texniki əməkdaşlıq kimi istiqamətlərdə birgə fəaliyyət nəzərdə tutulur.
Eyni zamanda, tərəflər arasında rəsmi səfərlər, işgüzar görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr və birgə təlimlər də əməkdaşlıq formaları kimi müəyyən edilib.
Sazişin icrasına hər iki ölkənin müdafiə nazirlikləri məsul olacaq. Sənəddə həmçinin maliyyə məsələləri, məlumat mübadiləsi, təhlükəsizlik, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət və digər mühüm istiqamətlər də tənzimlənir.