EN

Qondarma erməni soyqırımı şousu: saxta iddialar, yoxsa sağlam maraqlar?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İrəvanda keçirilən yürüş zamanı Türkiyə bayrağının yandırılmasının görüntüləri geniş ictimai müzakirələrə səbəb olub. Hadisə həm siyasi, həm də ictimai səviyyədə ciddi reaksiyalar doğurub. Ermənistan rəsmiləri bu cür hərəkətləri qınayaraq onların qəbuledilməz olduğunu bildiriblər.

Bu kimi hadisələr regionda münasibətlərin nə qədər həssas olduğunu bir daha göstərir. Bu cür addımlar ölkələr arasındakı münasibətlərə nə dərəcədə təsir edəcək?

Siyasi analitik Həsən Oqtay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tsitsernakaberd Xatirə Kompleksinə səfəri və bu səfər çərçivəsində verdiyi açıqlamalar diqqət çəkir. Bir tərəfdən seçkilər, o biri tərəfdən isə Türkiyə–Azərbaycan–Ermənistan sülh prosesi fonunda Paşinyanın mövqeyi Ermənistanın daxili siyasi xəttində və regiondakı diplomatik proseslərdə yeni mərhələ kimi qiymətləndirilir.

Politoloq deyib ki, Paşinyanın çıxışlarında “soyqırım” termini əvəzinə “Meds Yeghern” ifadəsinə üstünlük verməsi və diqqəti tarixi iddialardan daha çox dövlət maraqları və gələcək təhlükəsizlik məsələlərinə yönəltməsi gərginliyin azaldılması istiqamətində atılan addım kimi qiymətləndirilir. Nümayişlər zamanı Türkiyə bayrağını yandıranlara münasibəti də bu baxımdan diqqət çəkir. Onun sözlərinə görə, Paşinyan Ermənistanın mövcud sərhədləri daxilində real dövlət quruculuğuna üstünlük verir və “qurban psixologiyası”ndan uzaqlaşmağın vacibliyini vurğulayır, Çar və Sovet dövründən qalan yanaşmaları aradan qaldıraraq yeni Ermənistan modeli formalaşdırmağa çalışır.

Eyni zamanda bu yanaşma müxalifət və diaspor tərəfindən “tarixi yaddaşa xəyanət” kimi qiymətləndirilir və ölkə daxilində siyasi qütbləşməni gücləndirir. Tsitsernakaberd hadisələri ilə bağlı beynəlxalq reaksiyalar isə daha çox sabitlik və barışıq mesajları üzərində qurulur. ABŞ və Avropa İttifaqı ölkələri 1915-ci il hadisələrini xatırlatmağa davam etsə də, Yerevanın Ankara və Bakı ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımları dəstəkləyir, erməni diasporu isə daha sərt mövqe nümayiş etdirməyə çalışır və bu, rəsmi Yerevanla aradakı məsafəni artırır.

Politoloq vurğulayıb ki, bu yanaşma Türkiyə və Azərbaycanla davam edən normallaşma prosesinə də birbaşa təsir göstərir. Paşinyanın ritorikasının Ankaranın yanaşmasına yaxınlaşması sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün zəmin yaradır, “əsl Ermənistan” anlayışı çərçivəsində əraziyə vurğu isə Bakı ilə sülh müqaviləsinin imzalanması yolunda psixoloji baryerlərin aradan qalxmasına xidmət edir. Ermənistanın atdığı addımlar regionda nəqliyyat və kommunikasiya layihələrinin reallaşmasına da imkan yaradır.

Həsən Oqtay hesab edir ki, Paşinyanın bu səfəri yalnız tarixi anım mərasimi deyil, həm də Ermənistanın klassik ideoloji yanaşmadan daha realist dövlətçilik modelinə keçidinin göstəricisidir. Bu yanaşma regionda kommunikasiya xətlərinin açılması və uzunmüddətli sülh üçün yeni imkanlar yaradır. Paşinyan daxili ictimai rəyi sabitləşdirmək, seçkilərdə üstünlük qazanmaq və Türkiyə ilə Azərbaycanla üçtərəfli sülh sazişinə nail olmaq niyyətindədir. “Başqa sözlə, Ermənistan, Türkiyə və Azərbaycan arasında üçtərəfli sülh müqaviləsi yeganə çıxış yoludur”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
6
bizimyol.info

10Sources