EN

Gözəllik kraliçasını öldürən qayınana AXTARIŞA VERİLİB

Ajans.az New York Post-a istinadən xəbər verir ki, Mexiko şəhərində polis 2017-ci il “Miss Teen Universe Baja California” titulunun sahibi olmuş Karolina Flores Qomezin qətlində şübhəli bilinən şəxsin saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb. 27 yaşlı Flores Qomez aprelin 15-də paytaxtın nüfuzlu Polanko məhəlləsində yerləşən evində güllələnərək öldürülüb. İstintaqın ilkin versiyasına görə, əsas şübhəli onun qayınanası – Erika Maria “N” kimi tanınan qadındır. O, hadisədən sonra qaçıb və hazırda axtarışdadır. Yayılan məlumatlara və video görüntülərə əsasən, hadisə şəxsi evdə baş verib. Kadrlarda qurbanın ehtimal ki, qayınanasına su vermək üçün evə daxil olduğu, bundan sonra isə atəş səslərinin eşidildiyi görünür. Bir neçə saniyə sonra zərərçəkənin əri Alejandro Qomez uşağı qucağında hadisə yerinə gəlir və baş verənlərlə bağlı anasından izahat tələb edir. Polisin bildirdiyinə görə, şübhəlinin reaksiyası hadisənin şəxsi münaqişə və qısqanclıq zəminində baş verdiyini ehtimal etməyə əsas verir. Mənbələrin məlumatına görə, gəlin və qayınana arasında münasibətlər uzun müddətdir gərgin olub və xüsusilə qadının hamiləliyindən sonra bu gərginlik daha da artıb. Yaxınlarının sözlərinə görə, ailədaxili münaqişə tədricən kəskinləşib.

Hadisə ölkədə geniş rezonans doğurub və ictimaiyyət arasında ədalətli istintaq tələbləri ilə etirazlara səbəb olub. Polis şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.

Chosen
69
Ajans.az

1Sources