EN

Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB

Naxçıvanda 2018-ci ildən əvvəl istehsal olunan avtomobillərin taksi fəaliyyəti qadağan edilib.

Turkustan.az Bakupost.az-a istinadən xəbər verir ki, sürücülərin "Gündəlik Naxçıvan"a bildirdiklərinə görə, onlara avtomobillərinin fəaliyyətinin dayandırılması ilə bağlı SMS-lər göndərilib.

Şikayətçilər iddia edirlər ki, bu qərarın arxasında taksi monopolistləri dayanır və məsul qurumlar məsələyə müdaxilə etmir.

Sürücü Kamil Məhərrəmov deyir ki, bloklanma ilə bağlı aldığı SMS onun həyatını alt-üst edib:

"Evimi girov qoyub, 2015-ci il istehsalı olan maşın almışdım.6 aydır taksi işləyirdim, həm ailənin dolanışığını təmin edirdim, həm də götürdüyüm kreditin aylığını qaytara bilirdim.

İndi isə o qədər borcu necə qaytaracağam, ailəmi necə dolandıracağam?

Eşitdiyimizə görə, hansısa taksi şirkəti yeni maşınlar gətirib, burada kirayəyə verəcək. Bu qadağanı da ona görə qoyurlar ki,məcbur gedib onlardan kirayə götürək.

Kasıbın haradan beş qəpik qazancı var, dərhal əl qoyurlar. Bu monopoliyanın da arxasında yüksək vəzifəli məmurlar dayanır. 10 il əvvəl istehsal olunan avtomobil niyə taksi fəaliyyəti üçün köhnə sayılmalıdır? indi onların gətirdiyi yeni maşınlar guya keyfiyyətlidirmi? Hamısı monopolistlərin oyunudur. Dövlət də onların tərəfindədir".

Məsələ ilə bağlı Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakupost.az -a bildirildi ki, bu məsələdən cavabdeh qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir.

AYNA-dan Bakupost.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər buraxılış vəsiqəsi, daşımanı həyata keçirən nəqliyyat vasitəsi üçünsə buraxılış kartı əldə etməlidirlər:

“Bu icazələr elektron qaydada həyata keçilir. 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Nazirlər Kabinetinin qərarı ilə taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib”.

Chosen
5
turkustan.az

1Sources