Çexiya baş naziri Andrey Babişin ölkəmizə səfərindən də aydın olur ki, Azərbaycan artıq daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Bu, ölkəmizin beynəlxalq münasibərlər sistemində nüfuzunun və rolunun günbəgün gücləndiyini təsdiqləyir. Proses Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Andrey Babişin səfəri də göstərdi ki, Çexiya Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli qlobal tərəfdaş kimi görür.
Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında Çexiya baş naziri Andrey Babiş Azərbaycan və Çexiya arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bəyan etdi.
Milli Məclisin deputatı Elşad Musayev Musavat.com-a bildirib ki, Azərbaycanın çoxsaylı strateji müttəfiqləri arasında yer alan Çexiya ölkəmizin müxtəlif qurumlarda ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Bir çox sahələrdə fəal əməkdaşlıq edən ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir:
“Çexiya baş nazirinin səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərin həllində rolunun gücləndiyini göstərən mühüm mesajdır. Bu, eyni zamanda, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Babişin səfərindən əvvəl aprel ayında Litvanın Baş naziri İnqa Ruqinienen, Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəmizə ard-arda səfər ediblər. Bütün bunlar da təsadüfi deyil – Azərbaycan beynəlxalq arenada artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edilir. Xüsusilə, Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Çexiya-Azərbaycan münasibətlərinin institusional bazasına nəzər salsaq, görərik ki, ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir”.
Deputat qeyd edib ki, eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir:
“Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğulayıb. Bildirib ki, səfər iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir.
Andrey Babişin Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etməsi və verilən bəyanatlar münasibətlərimizin bundan sonrakı mərhələdə daha da dərinləşəcəyinə ciddi təsirini göstərəcək”.
Etibar Seyidağa,
Musavat.com