Tehranın İnqilab Məhkəməsi yanvar etirazları zamanı həbs edilən daha 4 nəfər barəsində edam hökmü çıxarıb. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Ehsan Hüseynipur Hesarlu, Mətin Məhəmmədi, İrfan Əmiri və Məryəm Xudavənd “dini məkanı yandırma”, “ictimai əmlakı dağıtma” və “milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə”də ittiham olunublar.
İranda siyasi edamlar niyə bu qədər həssas dövrdə, ölkədə milli birliyə, həmrəyliyə daha çox ehtiyac olduğu zamanda da davam etdirilir?
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, İranda bu tip edam qərarlarının məhz həssas siyasi mərhələlərdə davam etdirilməsi təsadüfi deyil: “Birincisi, bu addımlar hakimiyyətin nəzarəti itirmədiyini göstərmək məqsədi daşıyır. İran İnqilab Məhkəməsi kimi qurumlar siyasi xarakterli işlərdə sərt qərarlarla çıxış edərək potensial etirazçı kütləyə mesaj verir ki, dövlət təhlükəsizlik məsələlərində geri addım atmayacaq. Bu, xüsusilə əvvəlki etiraz dalğalarından sonra profilaktik qorxutma aləti kimi istifadə olunur. İkincisi, daxili parçalanma riskinə qarşı sərt xəttin seçilməsi ilə bağlıdır. Hakim elitalar hesab edir ki, yumşalma zəiflik kimi qəbul oluna və yeni etirazları stimullaşdıra bilər. Buna görə də milli birlik çağırışları ilə paralel olaraq repressiv tədbirlərin davam etdirilməsi bir növ ikili strategiyadır. Ona görə də rəsmi ritorika birləşdirici, praktiki siyasət isə çəkindiricidir”.
Ekspertin sözlərinə görə, İran hazırda həm xarici təzyiqlər, həm də daxili sosial-iqtisadi problemlərlə üz-üzədir. Belə şəraitdə hakimiyyət təhlükəsizlik prioritetini önə çəkərək sərt cəza siyasətini dövlətin sabitliyi ilə əsaslandırır: “Bu cür qərarlar hakimiyyət daxilində güc balansı ilə də əlaqəli ola bilər. Sərt xətt tərəfdarları, xüsusilə təhlükəsizlik strukturları belə addımlarla öz mövqelərini möhkəmləndirir və siyasətdə dominant rol oynadıqlarını göstərirlər.
Ümumilikdə, edamların davam etdirilməsi milli həmrəyliyi gücləndirməkdən çox, qısa müddətli sabitliyi qorumağa hesablanmış sərt idarəetmə modelinin tərkib hissəsi kimi qiymətləndirilir. Lakin uzunmüddətli perspektivdə bu yanaşmanın cəmiyyətdə narazılığı daha da dərinləşdirməsi riski də az deyil. Siyasi edamlar İranın beynəlxalq müstəvidə mövqelərinə də mənfi təsir göstərir”.
Etibar Seyidağa,
Musavat.com