EN

Zelenskinin Azərbaycana qəfil səfərinin PƏRDƏARXASI

Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və burda apardığı danışıqlar, eləcə də səfərin yekunları hazırda dünya mətbuatında geniş müzakirə olunur, təhlillər aparılır. Xüsusilə də iki ölkə arasında birgə hərbi istehsal sahələrinin yaradılmasına dair prezidentlərin açıqlamaları ayrıca diqqəti cəlb edib. Ekspertlər bu məsələdə tərəflərin nəinki böyük potensiala malik olduğunu, hətta bir-birinin mövcud imkanlarını, müəyyən mənada isə çatışmazlıqları uğurla tamamlaya biləcəyini iddia edirlər.


Doğurdan da Ukrayna uzun illərdən bəri, xüsusilə də Sovet dönəmində  formalaşmış hərbi-sənaye bazasına, təyyarə və aviasiya avadanlıqları istehsalında zəngin ənənələrə  malik idi. Təkcə onu xatırladaq ki, Ukraynanın o zamanlar Antonov konstruktor bürosu bütün dünyada məşhurlaşmışdı. Burada An-12, An-22, An-124 kimi hərbi, eləcə də strateji və ağır yük təyyarələri layihələndirilir və Kiyevdə, Xarkovdakı zavodlarda istehsal edilirdi. Eləcə də respublika o zaman  raket və kosmik texnologiyalar, tank və zirehli texnikalar, gəmiqayırma sahəsində də öyünəbiləcək nailiyyətlə əldə etmişdi. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən  (2022) sonra isə bu tarixi ənənələr,  böyük təcrübə  real döyüş şəraitində ciddi şəkildə sınaqdan çıxdı və Avropa ölkələrinin maddi dəstəyi ilə daha da inkişaf etdi. Müasir müharibə təcrübəsi, dronların geniş tətbiqi və ya onlardan müdafiə sistemləri, artilleriya və digər  daha müasir texnikaya  sürətli adaptasiyası Ukraynanın hazırda ən böyük üstünlüklərindən birinə çevrilib. Təsadüfi deyil ki, hazırda körfəz ölkələri İran dronlarından müdafiə olunmaq üçün Ukraynanın təcrübəsini öyrənir, onlarla bu sahədə əməkdaşlıq qururlar. Azərbaycan da İkinci Qarabağ müharibəsi dövründə dronlardan geniş istifadə, onların klassik silahlarla uğurlu sintezi baxımından dünyanın diqqətini cəlb etmişdi. Ölkədə xeyli çeşiddə keyfiyyətli hərbi sursat və atıcı silahlar istehsal edən hərbi sənaye kompleksi fəaliyyət göstərir. Azərbaycanda lisenziyalı Türkiyə və İsrailə məxsus müxtəlif təyinatlı dronlar istehsal edilir və ya istehsalı nəzərdə tutulur.  Bu baxımdan Ukrayna daha çox texnoloji bilik və mühərrik tərəfini, Azərbaycan isə maliyyə resursları və nisbətən təhlükəsiz istehsal mühiti təqdim edə bilər. Belə bir əməkdaşlıq Ukrayna üçün alternativ istehsal platforması, Azərbaycan üçün isə yeni texnologiya transferi demək olardı.


Prezident Zelenskinin Azərbaycanı Rusiya ilə mümkün sülh danışıqları üçün uğurlu məkan kimi qeyd etməsi də uğurlu əməkdaşlıq  kontekstində diqqət çəkir. Bakı son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edib və ölkə özünü Qərb, Rusiya və region dövlətləri arasında müəyyən balans yaradan etibarlı aktor kimi təqdim etməyi  bacarıb. Təsadüfi deyildi ki, bir-birinə zidd iki hərbi blok-NATO və Rusiyanın yüksək vəzifəli şəxsləri də dəfələrlə Bakıda bir araya gəlib, konstruktiv dialoq aparıb, dünyada gərginliyin azaldılması üçün ciddi anlaşmalar əldə edə biliblər. Bu, Azərbaycanın “neytral dialoq məkanı” imicini formalaşdırmaq istiqamətində apardığı siyasətin tərkib hissəsidir. Müəyyən mənada bu imicin real əsasları da var: Azərbaycan həm enerji resursları, həm coğrafi mövqeyi, həm də müxtəlif güc mərkəzləri (Vaşinqton-Moskva-Avropa İttifaqı- müsəlman Şərqi) ilə işlək münasibətləri sayəsində fərqli tərəfləri bir masa arxasında toplamaq  potensialına malikdir. Doğrudur, indiyə kimi qardaş Türkiyə də Rusiya-Ukrayna danışıqlarına uğurlu ev sahibliyi edib, amma Türkiyə NATO-nun üzvüdür, Azərbaycanın isə Qoşulmama Hərəkatında uğurlu fəaliyyəti, hətta rəhbərlik təcrübəsi var. Bu kontekstdə Prezident İlham Əliyevin  uzun illər ərzində topladığı danışıqlar təcrübəsi də unudulmamalıdır.


Qarabağ münaqişəsi çərçivəsində aparılan çoxsaylı görüşlər, iri enerji layihələri üzrə çoxtərəfli razılaşmalar və regional balans siyasəti ona praktik diplomatik təcrübə qazandırıb. Bu da şübhəsiz ki, müəyyən üstünlük, etibarlı beynəlxalq vasitəçi imici sayıla bilər. Azərbaycan liderinə, müxtəlif beynəlxalq sülh (Azərbaycan-Ermənistan arasında sülh və dialoq istiqamətində uğurlu addımlara görə Zayed İnsan Qardaşlığı Mükafatı, eləcə də münaqişələrin həllinə və dialoqun gücləndrilməsinə töhfə verən siyasi və ictimai liderlərə verilən nüfuzlu beynəlxalq  Sülh və Barışıq üçün Gernika) mükafatlarının  verilməsi də bu imicin bir elementi kimi dəyərləndirilməlidir. Ümumilikdə, Ukrayna ilə Azərbaycan arasında hərbi əməkdaşlıq, ölkəmizin sülh danışıqları üçün əlverişli məkan kimi irəli sürülməsi  ideyası praktik və qarşılıqlı maraqlara əsaslanan tamamilə mümkün istiqamət kimi qəbul oluna bilər, amma onun dərinliyi  təbii ki, geosiyasi reallıqlarla müəyyən olunacaq.


QAFQAZ  CƏNUBLU

 

 

Chosen
40
47
manset.az

10Sources