Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ötən gecə Ukrayna dronları növbəti dəfə Tuapsedəki neft emalı zavoduna hücum edib. Nəticədə zavodun ərazisində yanğın baş verib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yerli icra hakimiyyəti orqanlarına istinadla yaydığı məlumata görə, hücum nəticəsində heç bir insan itkisi olmayıb. Yanğının söndürülməsində 122 nəfər və 39 texnika iştirak edir.
Ölkənin ən böyük 10 zavodundan biri və Rusiyanın Qara dəniz sahillərində yeganə neft email zavodu olan “Rosneft”-in bu müəssisəsi daha əvvəl 16 və 20 apreldə zərbələrə məruz qalıb.
Əvvəlki hücumlar nəticəsində neft emalı zavodunun vahid istehsalat kompleksi təşkil etdiyi Tuapse limanındakı neft terminalı da zədələnib, neft məhsulları üçün çən anbarında yanğın baş verib. Zavod neft emalını dayandırıb.
20 aprel hücumundan sonra başlanan yanğın yalnız dörd gün sonra söndürülüb. Zədələnmiş çənlərdən dənizə neft axıb. Bir həftə ərzində neft ləkəsi sahil boyunca 77 kilometrə qədər uzanıb. Tuapse neft terminalındakı yanğından yaranan duman, Soçi və Anapa da daxil olmaqla, Rusiyanın demək olar ki, bütün Qara dəniz sahillərini bürüyüb, hətta Stavropol və Armavirə də çatıb. Bir neçə ərazidə "neft yağışı" baş verib, havada benzol, ksilol və his konsentrasiyası normadan iki dəfə çox olub. Soçidəki çimərlikdə ölü delfinlər tapılıb. Balıq və quş ölümləri də qeydə alınıb.
Ekoloqlar Rusiyanın bütün Qara dəniz sahili boyunca "böyük ekoloji fəlakət" yaşandığını elan ediblər və bunun yerli ətraf mühitə mənfi təsirinin bir neçə il davam edəcəyini qeyd ediblər. Buna baxmayaraq, Vladimir Putin hələ də Tuapsedəki fövqəladə vəziyyətlə bağlı heç bir şərh verməyib. Dövlət televiziya kanalları da ekoloji fəlakəti görməzdən gəlir.
C.Məmmədli
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.