EN

Kür çayının səviyyəsinin artması

Son günlər intensiv yağıntılar və dağlıq ərazilərdə qar əriməsi nəticəsində Kür çayında suyun səviyyəsi artıb. Bu səbəbdən Mingəçevir su anbarından çayın aşağı axını istiqamətində suyun buraxılmasına başlanılıb. Mütəxəssislər bildirir ki, bu proses su ehtiyatlarının tənzimlənməsi və mümkün daşqın risklərinin qarşısının alınması məqsədi daşıyır.

Mövzu ilə bağlı "Qadın və Müasir Dünya" Sosial Xeyriyyə Mərkəzi və təşkilatının rəhbəri Südabə Şirəliyeva QHT.az-a açıqlama verib.

S.Şirəliyeva son günlərdə müşahidə olunan su artımının əsas səbəblərini açıqlayıb: "Son günlər intensiv yağıntılar və dağlıq ərazilərdə qar örtüyünün sürətlə əriməsi nəticəsində Kür çayı hövzəsində suyun səviyyəsinin artması müşahidə olunur. Bu vəziyyətə cavab olaraq Mingəçevir su anbarı vasitəsilə suyun aşağı axına buraxılması həyata keçirilir. Bu addım əsasən su ehtiyaylarının tənzimlənməsi və daşqın risklərinin azaldılması məqsədi daşısa da, müəyyən riskləri də özü ilə gətirir".

Südabə Şirəliyeva bildirib ki, təbii amillər çaylarda daşqın ehtimalını artırır: "Yağıntıların normadan artıq olması və dağlıq ərazilərdə temperaturun yüksəlməsi nəticəsində qarların sürətlə əriməsi çaylara əlavə su kütləsi daxil edilir. Bu isə xüsusilə yaz aylarında çaylarda daşqın ehtimalını artırır. Kür çayı regionun ən iri su arteriyalarından biri olduğu üçün bu dəyişikliklər geniş ərazilərə təsir edə bilir".

Müsahibimiz vurğulayıb ki, su anbarından buraxılışın əsas məqsədi risklərin azaldılmasıdır: "Mingəçevir su anbarından suyun tənzimlənmiş şəkildə buraxılması suyun nəzarətsiz şəkildə yığılmasının qarşısını alır. Bu, anbarın təhlükəsizliyini qoruyur və qəfil, daha dağıdıcı daşqınların baş vermə ehtimalını azaldır. Eyni zamanda kənd təsərrüfütı üçün su ehtiyatlarının balanslı şəkildə paylanmasına imkan yaradır".

S.Şirəliyevanın sözlərinə görə, bu proses müəyyən təhlükələri də özündə ehtiva edir: "Amma su ehtiyatlarının bəzən bu şəkildə axıdılması bəzi risklər və təhlükələr yarada bilər. Belə ki, aşağı axın istiqamətində yerləşən yaşayış məntəqələrində suyun səviyyəsinin artması lokal daşqınlara səbəb ola bilər. Xüsusilə çay yatağına yaxın ərazilər risk altındadır".

Südabə Şirəliyeva bildirib ki, güclü axın torpaq eroziyasını sürətləndirir: "Suyun sürətlə və böyük həcmdə axını çay sahillərində eroziyanı gücləndirə bilər. Bu da kənd təsərrüfatı torpaqlarının zədələnməsi və məhsuldarlığın azalması ilə nəticələnə bilər".

Müsahibimiz qeyd edib ki, infrastruktur da təhlükə ilə üzləşə bilər: "Körpülər, yollar və suvarma sistemləri yüksək su səviyyəsindən zərər görə bilər. Bu, həm iqtisadi itkilərə, həm də nəqliyyatın məhdudlaşmasına səbəb ola bilər".

S.Şirəliyevanın sözlərinə görə, ekosistemə təsirlər də nəzərə alınmalıdır: "Suyun qəfl artımı çay ekosistemində balansı poza bilər. Balıq növlərinin yaşayış mühiti dəyişə, suyun bulanıqlığı arta və biomüxtəlifliyə mənfi təsir göstərə bilər. Bu proses bəzi ərazilərdə torpağın həddindən artıq nəmlənməsinə və hətta bataqlıqlaşmaya səbəb ola bilər".

Südabə Şirəliyeva bildirib ki, qabaqlayıcı tədbirlər xüsusi əhəmiyyət daşıyır: "Mütəxəssislər belə hallarda bir sıra qabaqlayıcı tədbirlərin belə ki, su buxarlanmasının mərhələli və nəzarətli şəkildə həyata keçirilməsini, hidrometeoroloji monitorinq sistemlərinin gücləndirilməsini, əhali üçün erkən xəbərdarləq müxanizimlərinin tədbiqini, çay sahillərində möhkəmləndirmə işlərinin aparılmasnı və fövqəladə hallarda hazırlıq planlarının yenilənməsinin vacibliyini vurğulayır".

Müsahibimiz yekun olaraq qeyd edib ki, davamlı nəzarət əsas şərtdir: "Kür çayında suyun səviyyəsinin artması və Mingəçevir su anbarından suyun buxarlanması zəruri və idarə olunan bir prosesdir. Lakin bu proses düzgün planlaşdırılmadıqda və ya təbii faktorlar kəskin dəyişikdə müəyyən risklər yarada bilər. Buna görə də davamlı monitorinq, qabaqlayıcı tədbirlər və ictimai məlumatlandırma bu cür vəziyyətlərin təsirini minimuma endirmək üçün əsas şərtlərdir".

Fatimə Nəbiyeva

Chosen
12
36
qht.az

10Sources