EN

Yol-nəqliyyat hadisələri baş verib: İşıqforlar və idarəetmə qutusu yararsız hala düşüb

Bakı, 28 aprel, AZƏRTAC

Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı nəqliyyat işıqforu və idarəetmə qutusu sıradan çıxıb. Bu səbəbdən kəsişmədə olan digər işıqforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni işıqforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar işıqfor vasitəsilə təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, işıqforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu, Zabrat-Maştağa yolunda qeydə alınıb. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar işıqtofor işləyir.

NİİM-i hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

Məlumata görə, Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol hərəkəti iştirakçılarının rahat hərəkəti üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Chosen
42
14
azertag.az

10Sources