EN

Bakının mərkəzində "Zülm": Tarixi abidələri hündürmərtəbəli binalar üçün qurban verirlər?ŞİKAYƏT

AMEA-nın rəsmi rəyi tapdanır: "Məhkəmə qərarı olsa da, evlərimizi şəxsi biznes maraqlarına görə dağıdırlar!"

​Hakimiyyet.az informasiya portalının redaksiyasına şikayət daxil olub, şikayətdə bildirilir ki, Bakının tarixi siması olan Bayırşəhər ərazisində (keçmiş "Sovetski") gərginlik pik həddə çatıb. Sakinlərin redaksiyamıza təqdim etdiyi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 06 noyabr 2025-ci il tarixli (№ 8-1-15/3-23/2025) rəsmi rəyi sübut edir ki, aparılan söküntülər nəinki qanunsuzluqdur, həm də dövlətin rəsmi Baş Planına tamamilə ziddir.

​"Prosesə kim nəzarət edir?": Sakinlər konkret ünvan göstərir

​Vətəndaşlar bildirir ki, ərazidəki söküntü prosesinə və vətəndaşlarla aparılan danışıqlara birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin Tikintiyə Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov rəhbərlik edir. Sakinlərin iddiasına görə, proses zamanı onlara müxtəlif yollarla təzyiq göstərilir və ərazini tərk etmələri üçün psixoloji gərginlik yaradılır.

​Rəsmi Sənəd: "Bu ərazi Bakı-2040 Baş Planına görə toxunulmazdır!"

​AMEA-nın institutunun rəyində açıq-aydın qeyd olunur ki, Azərbaycan prospekti, M.Fətəli Axundov, Ç.Mustafayev və S.Tağızadə küçələri arasındakı ərazi Xüsusi Mühafizə Zonasıdır. Rəsmi sənəddə vurğulanır:

​Bu ərazidə söküntü işlərinin aparılması cənab Prezidentin sərəncamı ilə təsdiqlənən Bakı şəhərinin Baş Planına (Bakı-2040) tamamilə ziddir.

​Ərazidəki binalar tarixi-memarlıq əhəmiyyətinə görə mütləq qorunub saxlanılmalıdır.

​Əsl məqsəd: Tarixi irsin yerində "Göyədələnlər" ucaltmaq?

​Sakinlər iddia edir ki, rəsmi sənədlərdə "toxunulmaz" kimi göstərilən tarixi binaların yerlə-yeksan edilməsinin gizli səbəbi var. Belə ki, bu strateji ərazidə yeni hündürmərtəbəli yaşayış komplekslərinin inşası üçün yer hazırlamaq məqsədi güdülür. Mədəni irs nümunələrinin qəsdən "yararsız" və "qəzalı" vəziyyətə salınması da məhz gələcək tikinti layihələrinə yol açmaq cəhdi kimi qiymətləndirilir.

​Vətəndaşlar çıxılmaz vəziyyətdə: Yanğınlar və dağıdılmış damlar

​Sakinləri mülklərindən bezdirib çıxarmaq üçün hər cür qeyri-insani üsula əl atıldığı iddia olunur:

​Müəmmalı yanğınlar: Ərazidə artıq 5 evdə yanğın hadisəsi qeydə alınıb.

​Kommunal blokada: İşıq, qaz və su xətləri zədələnib, ərazi gecələr qaranlığa bürünür.

​Dağıntı taktikası: Binada hələ də yaşayış olduğu halda, boşaldılmış mənzillərin qapı-pəncərələri və dam örtükləri sökülür ki, qonşuluqda qalan insanlar dözməyib ərazini tərk etsinlər.

​Məhkəmə qərarı niyə icra olunmur?

​Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli qərarı ilə söküntülərin hüquqi əsasının olmadığı və qanunsuz həyata keçirildiyi təsdiqlənib. Lakin sakinlər bildirir ki, nə məhkəmə qərarı, nə də AMEA-nın rəsmi ekspert rəyi söküntü texnikasını dayandıra bilmir.

​Hakimiyyət.az olaraq bu ciddi iddiaları diqqətdə saxlayırıq. Yazıda adı hallanan Bakı Şəhər İcra Hakimiyyətinin və adı çəkilən şəxslərin də, mövqeyini dərc etməyə hazırıq.

 

 

Chosen
71
hakimiyyet.az

1Sources