“Harri Potter” seriyasının müəllifi Coan Roulinq öz oğlunun kitabdakı ən dramatik səhnələrdən birini — professor Albus Dambldorun ölümünü ağır qarşıladığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 60 yaşlı yazıçının sözlərinə görə, bir axşam o, doqquz yaşlı oğluna gecəniz xeyrə demək üçün otağına girib və onu “Harri Potter və Yarımqan Şahzadə” kitabını oxuyarkən görüb.
Roulinqin sözlərinə görə, uşaq çarpayıda uzanmışdı, kitab isə üzüaşağı vəziyyətdə yanında idi. Oğlu ciddi şəkildə anasına baxaraq soruşub:
“Ana, sən Dambldoru niyə öldürdün?”.
Bu əhvalat Roulinqin “X” sosial şəbəkəsində bir istifadəçinin paylaşımına cavabından sonra gündəmə gəlib. Həmin istifadəçi qızının kitabı oxuduqdan sonra ona “Ana, Dambldor öldü! Mən çox kədərlənirəm” sözləri yazılmış qeyd qoyduğunu bildirib.
Yazıçı həmin paylaşıma cavab verərək öz ailəsində də oxşar reaksiyanın yaşandığını deyib. Roulinq qeyd edib ki, bu xatirə onun üçün hələ də emosionaldır. Çünki həmin hadisə uşaqların oxuduqları hekayələri nə qədər dərindən yaşadığını göstərir.
Qeyd edək ki, “Harri Potter və Yarımqan Şahzadə” kitabında Albus Dambldor professor Severus Sneyp tərəfindən öldürülür.
Daha sonra məlum olur ki, bu ölüm əvvəlcədən planlaşdırılmış bir gedişin tərkib hissəsi olub, Hoqvartsın direktoru isə ölümcül xəstəlikdən əziyyət çəkirmiş.
Bizim.Media