12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.
AzNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.
Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün əvvəl iş üzrə zərərçəkmiş-fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.
Əsas məhkəmə prosesi prokurorun ittihamı elan etməsi ilə başlayıb. İttihamdan məlum olub ki, İntiqam Səfərəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluqdan başqa cinayətlərdə də təqsirləndirilir.

Burada söhbət insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə etmə və qiymətli kağızlar bazarında manipulyasiyadan gedir.
Bununla bağlı İntiqam Səfərəliyevə Cinayət Məcəlləsinin 202-2.2.2 (insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 203-1.2.2-ci (qiymətli kağızlar bazarında manipulyasiyalar-mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.