EN

Mamdani faktlarla İFŞA olundu – Bu şəbəkəyə bağlı imiş...

Nyu York meri Zöhran Mamdaninin 24 apreldə qondarma erməni soyqırımının ildönümü günündə Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi sərsəm iddialar gündəmdən düşmür. Özünü müsəlman kimin təqdim edən mer, məlum olur ki, ABŞ-də erməni lobbisi ilə ən yaxın əlaqələr quran fiqurlardan biri imiş. Hətta onun seçki kampaniyasını maliyyələşdirən əsas gücün erməni lobbisi olduğu da müzakirə edilən məsələlər sırasındadır.

Özü hind, həyat yoldaşı suriyalı (Rama Duvajini) olan siyasətçinin Nyu-York kimi şəhərə mer seçilməsi təsadüfi qəbul olunmur. Özü də erməni lobbisinin ən güclü olduğu şəhərlərdən birində...

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin Musavat.com-a dediyinə görə, Mamdaninin çıxışı siyasi sifariş və öhdəlik idi. Onun fikrincə, burada üç əsas amil var: “Birincisi, Mamdaninin bağlı olduğu siyasi qrup - partiya ermənilərə yaxınlığı ilə seçilir. Məsələn, demokratlar hakimiyyətdə ikən ilk dəfə 2021-ci ildə ABŞ qondarma soyqırımı prezident səviyyəsində tanıdı və məhz Baydenin dövründə ABŞ və Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası imzalayaraq (yanvar, 2025) münasibətlərini yeni müstəviyə keçirdilər. Mamdani Amerikan siyasətinin məhz bu qanadındadır”.

Erməni

Mamdaninin müsəlmanlıqdan öncə hindli olduğuna vurğu edən ekspertə görə, onun adı “Epşteyn işi”ndə də keçib. Hindistan qlobal siyasətə təsir edə bilmək üçün daima öz kadrlarını müxtəlif ölkələrdə yüksək rütbələrə yerləşdirməyə çalışıb. Məsələn, Baydenin dövründə vitse-prezident Kamala Harris, yaxud Britaniyanın keçmiş baş naziri Rişi Sunak hindkökənli idilər. Mamdaninin yüksəlişini bu aspektdə də qiymətləndirmək olar. Təbii ki, Mamdaninin fikirlərini Hindistanın erməniyönümlü, anti-Azərbaycan mövqeyi kontekstində də dəyərləndirmək olar”.

Nəhayət, Cəlilzadə hesab edir ki, üçüncü vacib məqam isə erməni diasporunun gücüdür: “Onlar Kaliforniyadan sonra ən güclü təşkilatlanmanı Nyu-Yorkda yaradıblar. Hər il qondarma soyqırımını qeyd etmək ərəfəsində xüsusi hazırlıq işləri aparılır. Bu, “səssiz diplomatiya” daha sonra dünyaya bu cür səs salır. Onlar seçkilərdə namizədlərə dəstək olur, sonra onların seçildiyi təqdirdə öz gözləntilərini doğrultmaları istiqamətində təzyiq göstərirlər.
Başqa sözlə, lobbiçilik fəaliyyətləri yetəri qədər “bəhrə” verir. Təəssüf ki, düşmənçiliyi, işğal-revanş ideyalarını qoruyub-saxlamağa xidmət edən diaspor təşkilatlarının fəaliyyəti heç də Ermənistan dövlətinin faydasına deyil, əksinə, sülh və sabitliyin pozulmasına xidmət edir”.

Dövlətimizin

Ekspert deyib ki, hazırda qlobal erməni şəbəkəsinin dünya üzrə, xüsusilə Avropada və ABŞ-da lobbi qrupları iki təməl çağırış edir: Qarabağ ermənilərinin geri dönüşü və Bakıda həbsdə olan erməni cinayətkarlarının azadlığa buraxılması. Onun fikrincə, bu tələblərinə nail olmadıqlarına görə “etnik təhlükəsizlik” tezisini irəli sürürlər: Nə İsveçrə Sülh inisiativi, nə ABŞ və Avropa institutları, o cümlədən parlament səviyyəsində irəli sürülən qətnamələr nəticə verib. Məsələn, İsveçrə hökuməti müvafiq “inisiativ qrupu”nun çağırışlarını rədd etdiyini ötən il bəyan etdi, Avropa Komissiyası müvafiq çağırışlara baxmayaraq, Azərbaycanla strateji əməkdaşlığı üstün tutur. O cümlədən ABŞ Prezidenti Donald Tramp Mamdanidən tamamilə fərqli mövqe sərgiləyir. Bununla belə, qlobal erməni şəbəkəsinin fəaliyyətini gözardı etmək olmaz. Azərbaycan öz milli iş təşkilatlarını təsis etməli, bu təşkilatlar dünyanın aparıcı ölkələrində ölkəmizin haqlı mövqeyinin və maraqlarının irəli çəkilməsi üçün “Track II” diplomatiya səviyyəsində - ictimai birliklər, lobbi qrupları şəklində, etnik azərbaycanlıların yaşadıqları ölkələrdə siyasi vəzifələrə yüksəlməsinə dəstək şəklində özünü büruzə verməlidir. Əks təqdirdə, uzunmüddətli perspektivdə bəhsolunan şəbəkənin yetişdirdiyi yeni nəsil Azərbaycanın yetişdirəcəyi yeni nəsil qarşısında öz yalanları ilə üstə çıxa bilər”.

Cavanşir Abbaslı
Musavat.com

Chosen
90
musavat.com

1Sources