EN

Solovyovdan canlı yayımda sürpriz hücum

Rusiya mediasında geniş müzakirələrə səbəb olan efir baş tutub.

Musavat.com xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov ilə bloger Viktoriya Bonya arasında “qalmaqallı debat” kimi təqdim edilən söhbət təxminən 40 dəqiqə davam edib və qarşılıqlı ittihamlar, izahlar və müəyyən yumşalma cəhdləri ilə yadda qalıb.

Söhbətə Solovyovun üzr istəməsi ilə başlanılıb. O, əvvəlki çıxışlarında emosional olduğunu etiraf etsə də, eyni zamanda özünü müdafiə edərək “mizogin” kimi təqdim olunmasının düzgün olmadığını bildirib.

Müzakirənin əsas gərgin nöqtəsi Bonyanın səsləndirdiyi “Putindən qorxurlar” fikri olub. Solovyov bu ifadənin Qərb mediası tərəfindən istifadə edildiyini iddia edərək buna sərt reaksiya verib və bir neçə dəfə “Putini xalq sevir” tezisini təkrarlayıb.

Bonya isə diqqəti ölkədaxili problemlərə, xüsusilə Tuapse bölgəsindəki ekoloji vəziyyətə yönəltməyə çalışıb. Lakin Solovyov müzakirəni hər dəfə müharibə mövzusuna gətirərək bu məsələlərin ikinci planda olduğunu vurğulayıb. Bununla yanaşı, o, Anapada zərər çəkən quşların xilasına şəxsi maliyyə dəstəyi göstərəcəyini bildirib.

Debat zamanı Solovyov şəxsi arqumentlərə də müraciət edərək Rusiya prezidenti Vladimir Putini şəxsən tanıdığını qeyd edib. Bonya isə əksinə, yerli hakimiyyət nümayəndələrinin dövlət başçısına düzgün məlumat vermədiyini iddia edib.

Efirin diqqət çəkən məqamlarından biri qadınlara münasibət mövzusu olub. Solovyov Rusiyada “mizoginiya probleminin (qadınlara qarşı nifrət, ayrı-seçkilik və ya aşağılayıcı münasibət) aradan qaldırıldığını” iddia edib və bəzi ifadələri tənqid edib. O, gözlənilmədən Dövlət Dumasının deputatı Vitali Milonov haqqında da sərt fikirlər səsləndirərək onun “çoxdan kənarlaşdırılmalı olduğunu” bildirib.

Qeyd edək ki, Milonov son günlər “Şanson ili” mərasimində qalmaqallı insidentlə gündəmə gəlmişdi. Bundan əlavə, Solovyov İtaliyanın baş naziri Corcia Meloni barədə əvvəlki təhqiramiz ifadələrinə görə üzr istəməkdən imtina edib və bunu “siyasi məsələ” kimi qiymətləndirib.

Söhbətin sonunda tərəflər dialoqu davam etdirmək niyyətində olduqlarını bildirsələr də, Solovyov belə bir ünsiyyətin həm onun, həm də Bonyanın tərəfdarları tərəfindən birmənalı qarşılanmayacağını etiraf edib.

Musavat.com

Chosen
37
musavat.com

1Sources