İranla ABŞ arasında atəşkəs prosesi davam edərkən, ABŞ Körfəz ölkələrindəki bəzi hərbi bazalarına əhəmiyyətli hərbi yerləşdirmələr edir.
Ölkə.az “Flightradar24” məlumatlarına istinadən xəbər verir ki, 27 apreldə ABŞ-a məxsus yüklər hər ikisi Körfəz ölkələri olan Qətər və BƏƏ-dəki hərbi bazalara göndərilib.
Qətərin paytaxtı Doha yaxınlığında yerləşən ABŞ-a məxsus Əl-Udeyd bazasına C-130 hərbi nəqliyyat təyyarələrinin enişi görüntülənib.
Ekspertlər hərbi bazaya yük daşınmalarını və təyyarələrin bir-birinin ardınca eniş etməsini müharibəyə hazırlıq kimi dəyərləndirib.
Vaşinqtonla Tehran arasında iki raund görüşün uğursuz başa çatması hərbi əməliyyatların bərpa olunmasını artıq qaçılmaz edir.
Dohanın cənub-qərbindəki səhra bölgəsində yerləşən və təxminən 24 hektar ərazini əhatə edən baza, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti hesab olunur.
Baza Vaşinqton tərəfindən "Yaxın Şərq əməliyyatlarının mərkəzi" kimi təsvir olunur, çünki orada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) regional qərargahı yerləşir.
Buradan, Şimal-Şərqi Afrikadan Cənubi Asiyaya qədər uzanan geniş coğrafi ərazidə hava əməliyyatları idarə olunur. Bölgədəki, əsasən İraq, Suriya və Yəməndəki bir çox hava əməliyyatları bu bazadan idarə olunur.
Əl-Udeyddə təxminən 100 təyyarənin, o cümlədən uzaqmənzilli bombardmançı təyyarələrin, yanacaqdoldurma və nəqliyyat təyyarələrinin və pilotsuz uçuş aparatlarının yerləşdirildiyi məlumdur.
Əl-Udeyd hava bazasında təxminən 10.000 amerikalı hərbçi yerləşdirilib.
28 fevralda ABŞ-İsrail-İran müharibəsi başlamazdan əvvəl bazada yerləşən hərbi personalın əhəmiyyətli bir hissəsi təhlükəsizlik səbəbi ilə təxliyə edilmişdi.
Mürtəza