EN

Füzuli nisgilindən redaksiya havasına: Bir ömrün sədası

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bəzən bir insanın ömür kitabını vərəqləyəndə anlayırsan ki, qarşındakı sadəcə bir şəxs deyil, bütöv bir dövrün ağrılarını daşıyan bir yaddaşdır...

Bu gün həmin yaddaşın - əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin doğum günüdür. Amma bu özəl günü rəsmi təbriklərin soyuq və cansız cümlələrinə həbs etməyək. Bahəddin Həzi imzası əslində bir az Füzulinin itkin düşmüş küçələrinin nisgili, bir az da Bakı redaksiyalarının havasına bürünmüş gərgin sabahlarıdır.

Bahəddin bəy sadəcə bir jurnalist deyil, o, “sözün daxili qoşunları”nın rəhbəridir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Jurnalistikanın vitrinində bəzəkli cümlələr quranlar, sözü oyuncağa çevirənlər çoxdur. Amma onun kimi sözü cərrah neştərinə çevirən, o ağrını dərindən kəsib çıxaranlar barmaqla sayılacaq qədər azdır. O, illərlə manşetlərdə həqiqəti qışqıraraq deyil, bir pıçıltı soyuqqanlılığı ilə, amma hədəfi tam dəqiqliklə vuran ustalıqla yazıb.

Müəllifin “Göyün cazibə qüvvəsi” kitabını vərəqləyəndə insanın ruhu dincəlir. Hiss edirsən ki, müəllif bizə yerdəki palçıqdan deyil, o palçığın içindən ulduzları axtaran, göyə can atan insandan danışır. Elə onun fərqi də buradadır.

Bahəddin Həzi ən sərt siyasi analizi belə insani duyğularla yoğurur, oxucu mətni bitirəndə həm məlumatlanır, həm də köks ötürür.

Bahəddin Həzinin yazılarında hər zaman bir “Qarabağ qoxusu” var. Hətta ən müasir, ən qlobal mövzudan yazanda belə, o sətirlərin harasındansa həmin nisgil boylanır. Müəllif Füzulinin itirilmiş bağlarını, uşaqlıq xatirələrini mətbuatın səs-küylü koridorlarında axtaran bir adamdır.

“Ölümcül həqiqətlər” sadəcə publisistika deyil. Bu kitab bir insanın öz vicdanı ilə apardığı gizli, bəzən də amansız söhbətlərin üzə çıxmış formasıdır. Bahəddin Həzi həqiqəti “ölümcül” adlandıranda təsadüfi demirdi; çünki həqiqətin yükünü çiyinlərində daşımaq insanı təkcə fiziki yox, həm də ruhən sarsıdır, amma eyni zamanda ucaldır.

Bahəddin Həzi həm də sükutu ilə danışmağı bacaran adamdır. Onun “Əməkdar jurnalist” adı alması sadəcə bir status deyil, illərin yorğunluğuna və o ağrılı dürüstlüyə verilən bir nişandır. Bahəddin Həzi çoxlarının qaçdığı, “mənə dəyməsinlər” dediyi mövzularda dayanmağı, sipər olmağı bacarıb. Çətin sınaqlardan keçsə də, ruhunu o sınaqların tozuna-torpağına qatmayan bir insandır. Bu gün 61 yaşın zirvəsindən geriyə baxanda, bəlkə də ən çox xatırladığı o redaksiya divarları arasında verdiyi çətin qərarlar və qələmi kağız üzərində titrədən böyük məsuliyyət hissidir. Sözün namusunu qoruyan, həqiqəti bəzəmədən, olduğu kimi — bəzən açıq, bəzən də ağrılı təqdim edən bir ustad üçün ən gözəl təbrik, oxucunun gözündə yaranan “anladım” ifadəsidir. Siz bu anlamı çoxdan qazanmısınız. Yaxşı ki, varsınız!

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
icma.az

1Sources