Rəsmi Paris nüvə faktorundan istifadə edərək, Avropa dövlətləri üzərində əlavə təsir alətləri yaratmağa, həmin ölkələrin hərbi böhran vəziyyətlərində məhz Fransadan asılı olmasına çalışır... Ona görə də, rəsmi Parisin bu davranışları müəyyən mənada, Fransanın “qoca qitə”ni dolayısı ilə “nüvə müstəmləkəsi”nə çevirmək niyyətinin ola biləcəyindən şübhələnmək imkanları da verir...
Müasur dünya dəhşətli qlobal fəlakətə doğru böyük sürətlə yaxınlaşmağa başlayıb. Üstəlik, bəzi iddialara görə, əgər, belə davam edərsə, dünyanı bu qlobal fəlakətdən yayındırmaq imkanları əldən verilmiş olacaq. Xüsusilə də, beynəlxalq hüquq sisteminin tamamilə sıradan çıxmaq üzrə olması və dövlətlərarası ziddiyyətlərin artıq daha çox hərbi faktorlar üzərindən həllinə yönəlik cəhdlərin ön plana keçməsi hər an qlobal savaş təhlükəsini reallığa çevirə bilər. Və bu baxımdan, hazırda müasir dünyanın olduqca taleyüklü bir mərhələdən keçməkdə olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, hazırda ən böyük təhlükələrdən biri də məhz qlobal nüvə böhranının ciddi şəkildə dərinləşməsi ilə birbaşa bağlıdır. Belə ki, vaxtilə imzalanmış nüvə silahının yayılmamasına nəzarət üzrə beynəlxalq saziş artıq hüquqi qüvvəsini itirib. Yeni analoji sazişin imzalanması ətrafındasa, hazırda olduqca ciddi mübahisələr və ziddiyyətlər mövcuddur. Çünki, nüvə ölkələrinin sayı çox olsa da, Tramp administrasiyası bu sazişin yalnız üç nəhəng dövlət – ABŞ, Çin və Rusiya arasında imzalanmasında israrlı mövqe tutur.
Ancaq rəsmi Pekin Çinin nüvə başlıqlarının ABŞ və Rusiyanın sahib olduğundan dəfələrlə az olduğunu səbəb göstərərək, bu iki ölkə ilə saziş imzalamaqdan imtina edir. Rəsmi Pekin hesab edir ki, əgər, belə bir saziş imzalanacaqsa, onda əvvəlcə ABŞ və Rusiyanın nüvə başlıqları Çinin sahib olduğu saya qədər ixtisar edilib, azaldılmalıdır. Və məhz digər nüvə ölkələrinin də bu prosesdə iştirak etməsini vacib hesab edən Çinin bu prinsipial mövqeyi indiyə qədər yeni nüvə sazişinin imzalanmasını qarşısında əsas əngəllərdən biri sayılır.
Bütün bunlara paralel olaraq, dünyanın böyük nüvə təhlükəsinin astanasında olduğu barədə ciddi iddialar artıq qlobal məkanda təşviş yaratmağa başlayıb. Belə ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi dünyada nüvə fəlakəti ilə bağlı təhlükənin böhranlı həddə çatdığı barədə xəbərdarlıq edib. Onun fikrincə, hazırda nüvə təhlükəsi “Soyuq Müharibə”nin ən qızğın dövründən bəri ilk dəfə olaraq, görünməmiş səviyyəyə yüksəlib. Və ona görə də, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) yenidən qüvvədə olmasını təmin etmək çox vacibdir.
MAQATE baş direktoru hesab edir ki, müharibə dalğası Avropaya və Yaxın Şərqə artıq geri qayıdıb. Ona görə də, sülhü və qlobal təhlükəsizliyi təmin edən çoxtərəfli mexanizmlər artıq böyük təzyiq altındadır. Bu baxımdan, indiki nüvə təhlükəsi mühitində müasir dünya daha çox qlobal oyunçu, böyük risklər və qeyri-sabit bir qarşıdurma ilə vəziyyəti ilə üz-üzə qalıb. Və belə bir şəraitdəsə, nüvə silahlarının yayılmasının qarşısını almaq üçün NSYM ən güclü çoxtərəfli mexanizmdir.
Maraqlıdır ki, nüvə təhlükəsinin artması hazırda Avropa məkanında da ciddi narahatlıq doğurmaqdadır. Xüsusilə də, MAQATE baş direktorunun “müharibə dalağası Avropaya geri qayıdıb” xəbərdarlığı indi “qoca qitə”də ehtiyat addımların atılmasının vacibliyini ön plana çəkib. Ona görə də, hazırda Avropa ölkələri yalnız Rusiyadan ehtimal olunan gələcək hərbi müdaxilə deyil, həm də gözlənilən nüvə fəlakətindən yayınmaq yolları da geniş müzakirələrə yol açmaqdadır. Və bu məsələni tamamilə ciddiyə alan Fransa artıq Avropada nüvə əməkdaşlığının genişləndirilməsini təşviq etməyə başlayıb.
Məsələ ondadır ki, Fransa prezidenti Emmanuel Makron Polşa səfəri çərçivəsində verdiyi açıqlamalarda rəsmi Varşava ilə birgə hərbi təlimlərin keçirilməsi üzrə danışıqların aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, planlaşdırılan hərbi manevrlərin əsas xüsusiyyətləri nüvə silahından istifadə niyyətindən çəkindirmə elementlərinin ümumi müdafiə sisteminə inteqrasiyası ilə bağlı olacaq. Prezident Emmanuel Makron onu da vurğulayıb ki, Fransa və Polşadan əlavə, Almaniya, Yunanıstan, Niderland, Belçika, Danimarka və İsveç kimi ölkələr də yeni müdafiə əməkdaşlığı modelinin müzakirəsinə cəlb olunublar.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Parisin xüsusi olaraq, təşviq etdiyi bu təşəbbüs Avropa Birliyinin “nüvə çətiri” çərçivəsində, “qoca qitə” ölkələrinin suverenliyinin gücləndirilməsi istiqamətində atılmış önəmli addım kimi qiymətləndirilir. Ancaq bununla belə, rəsmi Paris Avropa təhlükəsizlik sistemində nüvə arsenalının istifadəsi ilə bağlı son qərarın qəbul edilməsində müstəsna hüququn məhz Fransanın əlində cəmləşməsinə də çalışır. Yəni, rəsmi Paris əminliklə vurğulayır ki, onun nüvə çəkindirmə qüvvələri ümumavropa əhəmiyyətinə malikdir, ancaq Fransanın milli nəzarət sistemi altında qalmalıdır.
Nüfuzlu “Politico” nəşrinin yaydığı məlumata görə, nüvə faktoru ilə bağlı belə müzakirələrin aktivləşməsi Avropa qitəsinin müdafiə arxitekturasında olduqca ciddi transformasiyanın baş verdiyini göstərir. Xüsusilə də, “qoca qitə”də avanqard dövlət statusuna can atan Fransa faktiki olaraq, Avropa Birliyi üzrə tərəfdaşlarına daha dərin operativ inteqrasiya təklif edir. Ancaq rəsmi Paris nüvə silahı üzərində birbaşa nəzarət mexanizmlərini hərbi müttəfiqləri ilə bölüşməyə hələlik o qədər də böyük həvəs göstərmir.
Göründüyü kimi, rəsmi Paris nüvə faktorundan istifadə edərək, Avropa Birliyi ölkələri üzərində əlavə təsir alətləri yaratmağa cəhd edir. Yəni, rəsmi Paris nüvə dövləti statusuna malik olmayan ölkələrin hərbi böhran vəziyyətlərində məhz Fransadan asılı olmasına yönəlik təhlükəsizlik sisteminin formalaşdırılmasına can atır. Və bu, müəyyən mənada, Fransanın “qoca qitə”ni dolayısı ilə “nüvə müstəmləkəsi”nə çevirmək niyyətinin ola biləcəyindən şübhələnmək imkanları verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()