Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.
Ekspertin bu məsləhəti "Real Simple" jurnalında dərc olunub.
Mütəxəssis salatların hazırlanması və qızartma prosesi üçün ən optimal seçimin zeytun yağı olduğunu vurğulayıb. S.Peruvemba bildirib:
"Zeytun yağı ürəyə xeyirli olan doymamış yağ turşuları ilə zəngindir. Eyni zamanda, tərkibindəki güclü antioksidant olan polifenollar iltihabi prosesləri və qandakı lipidlərin miqdarını aşağı salaraq ürək-damar sisteminin fəaliyyətini qoruyur".
Həmçinin diyetoloq qeyd edib ki, digər bitkimənşəli yağlarla müqayisədə zeytun yağının tüstülənmə nöqtəsi daha yüksəkdir. Bu xüsusiyyət orqanizmdə oksidləşdirici stresi gücləndirən və hüceyrə qişalarını zədələyən zərərli maddələrin yaranmasına mane olur.
Sonda mütəxəssis əlavə edib: "Təmizlənmiş (rafinə olunmuş) zeytun yağının tüstülənmə həddi 199-243°C, ilk sıxılma zeytun yağının isə 177-210°C təşkil edir. Məhz bu göstəricilər onu gündəlik mətbəx istifadəsi üçün olduqca universal vasitəyə çevirir"./Oxu.Az