EN

Bakıdakı səfirliklərdə iftar və furşet dövrü

Cəmiyyətin siyasət, biznes və ziyalı dairələri o cür tədbirlərdə boy göstərməyi sevərdilər, kimlərin hansı ölkəyə yaxınlığı da, kimlərdən  maliyyə dəstəyi aldığı da ən azı sirr olaraq qalmırdı, indi isə...


Jurnalistikaya 2000-ci illərin “inqilabi romantika” sı ilə gələnlər çox tezliklə anladılar ki, sən demə, biz dünya üçün fövqəladə ölkə deyilik. Yəni əslində, dünya bizim deyil, biz dünyanın “nazını çəkməli”, ətrafına fırlanmağa məcburuq...

Həmin “nulevoy” lar dövrünün jurnalistika nəslinin əksəriyyəti həm də 1988-ci ilin (17 noyabr-5 dekabr) Meydan hərəkatında çox pafoslu çıxışlara da şahidlik etmişdi, romantika həm də oradan qaynaqlanırdı. Məsələn, həmin günlər tez-tez belə fikir səslənirdi ki, SSRİ dağılarsa və Azərbaycan neftini özü satarsa, ölkəmizin ərazisinə qızıldan örtük çəkilə bilər. İnanan inanardı, amma gerçək bu oldu ki, SSRİ dağılanda Azərbaycanın özü müxtəlif dövlətlərin parçalanmaq planlarının hədəfinə çevrildi, hətta maddi köməyə möhtaca qaldı, (dağ) Qarabağın bəzi əraziləri işğal altına, əhalisi isə qaçqın vəziyyətinə düşdü.
Yenə Meydan zamanına qayıtsaq, günümüzdə də aktual olan bir mövzu haqda çox danışılardı. Deyərdilər ki, ölkəmizin müstəqilliyini istəməyən dövlətlərin gizli servisləri, yəni agentura şəbəkələri fəalları (o vaxt da hamı özünü hərəkat fəalı sayırdı) “verbovka”(“ələ almaq”) etmək üçün xüsusi adamlar ayırıb, planlar qurub və sairə. Biz tələbə idik, əksər gecələr də Azadlıq meydanında ac-susuz qalardıq, amma nədənsə, bir “kopolu” bizi “öz ölkəsinin tərəfinə” çəkmək üçün heç yanlamırdı. Sonradan müdriklərdən biri dedi ki, bu kimi söz-söhbət əbəs deyildi, amma siz yanlış anlamısınız, “verbovka” cəhdləri deyəndə Meydanın aşağısı(belə bölgü vardı) deyil, yuxarısı(tribuna tərəf) nəzərdə tutulurdu. Bu “yanlamaq” məsələsini sonralar Qanlı gölün(deyəsən qurudublar) yanındakı “İnşaatın yataqxanası”nda(təzəlikcə uzaqdan görmüşəm, hələ yerindədir) kartof qızartması ilə rus vodkası içəndə yada salıb, gülərdik…
O milli məclislərdə bir neçə bölgəni təmsil edən(yadımda qalanları deyim- Qarabağ , Şamaxı-Şirvan, Şəki və Naxçıvan) tələbələr olduğu üçün müzakirələr daha duzlu və maraqlı olardı. “Naxçıvanlı Ziyıx”ın (adı gərək ki, Ziyad və ya Ziya idi) otağında başının üstündə Heydər Əliyevin general formasındakı fotosunu görəndən sonra aşağı mərtəbədə qalan yerlilərim olan tələbələrə divara vurduqları qarabağlı aktrisanın böyük təqvim şəklini sökdürdüyümü yaxşı xatırlayıram. Deyim ki, Ziya(d)tezliklə Azərbaycanı bir çox bəlalardan xilas edəcək milli liderin fotosunu otağında asdığı dövrdə onun adını anmaq az qala qeyri-rəsmi qadağan olunmuşdu…
Elçibəy hakimiyyəti Azərbaycan üçün çox ağır sınaq oldu ki, o zaman qonşu dövlətlərin bəd niyyətləri daha qabarıq göründü. Bu sırada yalnız qardaş Türkiyə istisna idi, hansı ki, ilk dəfə olaraq Azərbaycandakı milli hökumətdə öz agenturasını deyil (baxmayaraq ki, belə iddialar da vardı), təsir dairəsini yaratmağa cəhd etdi…
90-cı illərin ilk 3-5 ilində, torpaqların işğal səbəbindən təkcə Bakıda deyil, respublikanın 62 şəhər və rayonunda qurulmuş çadır şəhərcikləri himayəçilərinin adı ilə tanınırdı. Onlardan ən məşhuru İmişlidəki “İran şəhərciyi” idi. Beynəlxalq Qızıl Xaç, Qızıl Aypara, BMT-nin Qaçqınlar komitəsi və daha hansı diyarlardan gələn yardımlar həmin illərin acı hekayələri sırasındadır. Onda da deyərdilər ki, bu yardımların arxasında başqa niyyətlər dayanır- amma məqsədləri nə olsa belə, evini-eşiyini itirmiş, ehtiyac içindəki adamlar üçün bu niyyət vız gələrdi, onlar sadəcə, yaşamaq istəyirdilər...
Sonralar dövlətlər Azərbaycanla münasibətlər sistemini tədricən daha sivil qaydaya salmağa başladılar. “Əsrin müqaviləsi”ndən sonra Qərb şirkətlərinin Bakıya axını və dövlətlə hansısa təsir agentlər üzərindən deyil, rəsmi səviyyədə,daha sivil münasibətlər sistemi qurulması dövrü başladı. Səfirliklərdə aş süfrələri də oldu, furşetlər də. O tədbirlər indi təəssüf ki, yoxdur, ya da çox azdır. Cəmiyyətin siyasət (həm də müxalifət), biznes, ziyalı dairələri o cür tədbirlərdə boy göstərməyi(foto çəkdirməyi) sevərdilər...Kimin(fərqi yoxdur, iqtidar və ya müxalifət) hansı ölkəyə yaxınlığı da, onlardan maliyyə dəstəyi aldığı da ən azı sirr olaraq qalmazdı...
ABŞ/İsrail-İran müharibəsi fonunda Azərbaycanda “Tehranın adamı”, “sionist rejim dəstəkçisi” kimi müzakirələr səngiyib. Yeni müharibədə yenə başlayacaq. Bu günlərdə “TikTok”da İmişli şəhərciyi haqda qısa video yayılıb. Çadır şəhərciyində qurulmuş... mədrəsədə bizim gül balalara oxuduqları şeirlər yenə də nəticə çıxarmaq üçün bir fürsətdir...
Yaxşı ki, daha 90-cı və “nulevoy” illər deyil. Biz dünya üçün yenə fövqəl ölkə deyilik, Amma daha dünyanın ətrafına fırlanmağa məcbur da deyilik...
Nazim SABİROĞLU,
Musavat.com

 

Chosen
55
musavat.com

1Sources