Türkiyənin “Fənərbaxça” klubunda baş məşqçi dəyişikliyi gündəmin əsas mövzularından birinə çevrilib. İstanbul təmsilçisi Domeniko Tedesko ilə yollarını ayırdıqdan sonra yeni mütəxəssis axtarışına başlayıb. Metbuat.az xəbər verir ki, bu qərar “Qalatasaray” ilə derbidə alınan 0:3 hesablı məğlubiyyətdən sonra verilib. Klub rəhbərliyi keçirdiyi iclasdan sonra həm baş məşqçi, həm də idman direktoru ilə yolların ayrıldığını açıqlayıb. Mövsümün qalan hissəsində komandanı müvəqqəti olaraq Zeki Murat Gölenin çalışdıracağı bildirilib. Türkiyə mediasının yaydığı xəbərə görə, İstanbul təmsilçisində artıq iki əsas namizəd müəyyənləşib. Bunlar təcrübəli mütəxəssislər Aykut Kocaman və İsmail Kartaldır. Hər iki məşqçinin mümkün təklifə müsbət yanaşdığı qeyd olunur. Bildirilir ki, yeni baş məşqçi ilə bağlı yekun qərar klubda gözlənilən seçkilərdən sonra veriləcək. Bu səbəbdən “Fənərbaxça”nın gələcək planları və texniki heyət məsələsi birbaşa yeni rəhbərliyin qərarından asılı olacaq.