EN

Rusiyada kadr çöküşü: Ordu və fabriklər son işçilər uğrunda mübarizə aparır

Rusiya Federasiyası müharibə, demoqrafik azalma və əhali axını səbəbindən dərinləşən genişmiqyaslı işçi qüvvəsi böhranı ilə qarşılaşıb...

Poliqon xəbər verir ki, Foreign Policy nəşrinin yazdığına görə, bu vəziyyət fonunda Tatarıstandakı "Alabuqa" sənaye kompleksi ilin əvvəlində zərbə dronları "Geran" (İranın "Şahed" dronlarının Rusiya versiyası) üçün istehsal xəttində işləmək məqsədilə yeniyetmələri cəlb etməyə başlayıb. Vakansiyalarda tam məşğulluq və ölkə üzrə orta göstəricidən yüksək maaşlar vəd olunub ki, bu da müəssisənin əvvəl deyildiyi kimi tədris mərkəzi deyil, əslində hərbi istehsalat obyekti olduğunu göstərib.

"Alabuqa" ilə bağlı bu, ilk qalmaqal deyil. Daha əvvəl aparılan araşdırmalarda və Ukrayna xüsusi xidmətlərinin məlumatlarında Afrika, Asiya və Latın Amerikası ölkələrindən qadınların "təhsil" və ya "mülki iş" adı altında cəlb edilərək ağır şəraitdə dron istehsalına yönləndirildiyi bildirilirdi.

Lakin "Alabuqa" nümunəsi daha geniş problemin yalnız bir hissəsidir: Rusiyada kadr çatışmazlığı artıq sistem xarakteri alıb.

Rəsmi 2,1% işsizlik göstəricisinə baxmayaraq, 2025-ci ildə sənayedə təxminən 2 milyon işçi çatışmazlığı qeydə alınıb. İl sonuna qədər ümumi əmək defisitinin 10 milyonu keçə biləcəyi bildirilir.

Ən çox işçi hərbi-sənaye kompleksi tərəfindən cəlb olunur. Bu sektor orta maaşlardan bir neçə dəfə yüksək ödəniş, dövlət subsidiyaları və səfərbərlikdən möhlət təklif edir. Nəticədə 2022-ci ildən bəri müdafiə sənayesində maaşlar 30–60% artıb. Bununla belə, zavodlar üç növbədə işləsə də, işçi çatışmazlığı davam edir, mülki sektorlar isə ixtisarlarla üzləşir.

Demoqrafik böhran da vəziyyəti ağırlaşdırır: 1990-cı illərdə doğumun azalması, COVID-19 pandemiyasının nəticələri, müharibədə yüz minlərlə itki və ölkədən çıxan 500 min–1 milyon insan əmək bazarını ciddi şəkildə zəiflədib. Eyni zamanda, ənənəvi işçi mənbəyi olan əmək miqrantlarının da sayı azalır.

Rusiya həm mülki, həm də hərbi sahədə xarici işçi cəlbinə daha çox yönəlir. Məlumatlara görə, 2025-ci ilin martına qədər 27 mindən çox əcnəbi Rusiya tərəfində döyüşüb. Eyni zamanda Hindistan və digər ölkələrdən işçi axını artsa da, bir sıra dövlətlər öz vətəndaşlarının Rusiyaya getməsini məhdudlaşdırmağa başlayıb.

Analitiklər hesab edir ki, bu böhran struktur xarakterlidir və qısa müddətdə həll oluna bilməz. Problem yalnız müharibə itkiləri ilə deyil, həm də 1990-cı illərin demografik boşluğu ilə bağlıdır. Bu isə Rusiyanın həm iqtisadiyyatını, həm də müharibəni davam etdirmə imkanlarını uzunmüddətli şəkildə zəiflədir.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources