EN

“İqtisadi sistemin transformasiyası institusional, struktur dəyişiklikləri tələb edir“ - MİKAYIL CABBAROV

Müasir iqtisadi inkişaf proseslərinin təhlili göstərir ki, özəl sektorda əlavə dəyərin formalaşması iqtisadi fəaliyyətin daha səmərəli təşkili ilə bilavasitə bağlıdır. Bu sektor daxilində yaradılan əlavə dəyər ümumi iqtisadi səmərəliliyin yüksəlməsinə mühüm töhfə verir.
SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, özəl sektorun resursları məhdud xarakter daşıyır. Bu resurslara çıxış imkanlarının genişləndirilməsi həm sahibkarların fərdi potensialı, həm də dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri vasitəsilə təmin olunur. Belə mexanizmlərin sistemli şəkildə tətbiqi və onların sahibkarlar üçün əlçatanlığı iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan yanaşdıqda, ölkəmizdə yeni iqtisadi artım modelinin formalaşması prosesi müşahidə olunur. Əvvəlki dövrlərdə sosial-iqtisadi inkişaf daha çox neft və qaz sektorundan əldə edilən gəlirlər hesabına təmin edilir, bu vəsaitlər müxtəlif sahələrə yönəldilirdi. Həmin mərhələdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin icrasında da özəl sektorun rolu mühüm olmuşdur.

Lakin müasir mərhələdə iqtisadi inkişaf qarşısında duran çağırışlar yalnız iqtisadiyyatın diversifikasiyası və ya enerji sektorunun payının dəyişməsi ilə məhdudlaşmır. Bu gün əsas məsələ yeni iqtisadi modelin formalaşdırılması və həmin model çərçivəsində innovativ yanaşmaların tətbiqidir.

İqtisadi sistemin transformasiyası həm institusional, həm də struktur dəyişiklikləri tələb edir və bu proses davamlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir.

Müəllif: Günay Hacıyeva
Chosen
38
sia.az

1Sources