EN

Kriminal şəbəkələrə zərbə - 16 kiloqram narkotik, silahlar və paytaxtda soyğunlar

Aprelin 28-də hüquq-mühafizə orqanları tərəfindən keçirilən genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində bir sıra ciddi cinayət faktları aşkarlanıb.

Musavat.com-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, gün ərzində ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bu istiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyi və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirildiyi bildirilir. Eyni zamanda, paytaxt və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat da aşkarlanıb. Polis əməkdaşları tərəfindən 7 ədəd avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron götürülüb. Qeyd olunur ki, bu istiqamətdə profilaktik və əməliyyat tədbirləri davam etdirilir. Kriminal xronikada digər diqqətçəkən hadisə paytaxtın Səbail rayonunda baş verib.

Belə ki, iki nəfər əvvəlcədən razılaşaraq vətəndaşa qarşı soyğunçuluq edib. Onlardan biri zərərçəkənin diqqətini yayındırarkən, digər şəxs mobil telefonu “danışmaq” bəhanəsi ilə götürərək hadisə yerindən qaçıb. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəlilər – Ş.Bağırov və Z.Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların oğurladıqları telefonu satdıqları da məlum olub. Digər bir oğurluq hadisəsi isə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Naməlum şəxs mənzilə daxil olaraq 3 min 250 manat nağd pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən 59 yaşlı Ş.Abdinov saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanları vətəndaşları diqqətli olmağa, şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat verməyə çağırır.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
28
musavat.com

1Sources