2026-cı ilin mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin Mart sayında bildirilir.
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. 2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin mart ayında fevral ayına nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalmışdır.