EN

3 trilyonluq silahlanma yarışı: bəşəriyyət rifahı niyə müharibəyə qurban verir?

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ildə qlobal hərbi xərclərin 2,887 trilyon dollara çatması sadəcə statistik göstərici deyil — bu, dünyanın hansı istiqamətə getdiyini açıq göstərən siqnaldır.

Geosiyasi gərginliklər, ardıcıl münaqişələr və zəifləyən beynəlxalq mexanizmlər fonunda dövlətlər getdikcə daha çox silahlanmağa üstünlük verir. Bu isə sual yaradır: təhlükəsizlik naminə artan hərbi güc bəşəriyyəti qoruyacaq, yoxsa onu daha böyük risklərə yaxınlaşdıracaq?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info-ya açıqlamasında bildirib ki, bu gün dünya həqiqətən mürəkkəb və ziddiyyətli bir mərhələdən keçir. Geosiyasi proseslər dərinləşir, pandemiyadan sonra yaranan iqtisadi böhran hələ də təsirini saxlayır, ard-arda baş verən müharibələr isə bəşəriyyəti müsbət inkişafdan uzaqlaşdıraraq daha təhlükəli istiqamətə yönəldir.

Artıq bir çoxları dünya müharibəsinin faktiki başladığını iddia edir. Müharibədə iştirak edən və ya onun təsirindən əziyyət çəkən ölkələrin sayına baxanda, üçüncü dünya müharibəsi barədə deyilənlərin müəyyən qədər əsaslı olduğu da görünür.

Belə bir şəraitdə hərbi xərclərin artması qaçılmazdır.

“Dünyada hərbiyə ayrılan vəsait artıq üç trilyona yaxınlaşır. Halbuki bu vəsait insanların rifahına, sosial vəziyyətin yaxşılaşdırılmasına yönəlsəydi, həyat səviyyəsi xeyli yüksək ola bilərdi. İnsanlar daha yaxşı yaşamağa layiqdir. Amma mövcud proseslər bunu zəruri edir.

Dünya miqyasında təhlükəsizlik və beynəlxalq münasibətləri tənzimləmək üçün qəbul olunmuş qaydalar, fəaliyyət göstərən nüfuzlu qurumlar var. Lakin ikili standartlar səbəbindən bu mexanizmlər çox vaxt effektiv olmur. Bəzi hallarda isə məqsədindən kənara çıxaraq təzyiq alətinə çevrilir və ədalətsiz şəkildə istifadə olunur”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, məhz bu kontekstdə prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq müstəvidə güc amili ön plana keçir. Hansı dövlət güclüdürsə, o, öz maraqlarını və hüquqlarını daha etibarlı şəkildə qoruyur. Nisbətən zəif dövlətlər isə daha həssas vəziyyətdə qalır. Bu reallıq ölkələri hərbi potensialını artırmağa, müdafiə sənayesini inkişaf etdirməyə və yeni imkanlar yaratmağa məcbur edir.

Şair Ramaldanov deyib ki, bu gün dünyada sanki yeni silahlanma yarışı gedir. Dövlətlər sosial sahələrdən müəyyən qədər geri çəkilərək hərbiyə daha çox vəsait ayırmağa üstünlük verirlər. Bu isə cəmiyyət daxilində sosial rifahın arxa plana keçməsi ilə nəticələnir.

Eyni zamanda “sülh istəyirsənsə, müharibəyə hazır ol” prinsipi də aktuallığını qoruyur. Güclü orduya malik dövlət öz müstəqilliyini və suverenliyini qorumaq gücündə olur. Bu baxımdan ulu öndər Heydər Əliyev-in “müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” fikri bu gün də aktuallığını saxlayır.

“Hazırkı proseslər – Rusiya-Ukrayna müharibəsi, ABŞ–İsrail–İran xəttində gərginlik, Yaxın Şərqdə davam edən qarşıdurmalar – bunu açıq şəkildə göstərir. Silahlanma bir tərəfdən sabitliyin qorunması kimi qəbul oluna bilər. Amma silahın həddindən artıq çox olması riskləri artırır. El arasında deyilən “silah varsa, gec-tez istifadə olunacaq” fikri də bu baxımdan təsadüfi deyil.

Əsas məsələ silahlanmanın məqsədidir. Bəzi dövlətlər yalnız öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silahlanır. Azərbaycan bu baxımdan nümunə göstərilə bilər. Vətən müharibəsində qələbə qazandıqdan sonra heç bir başqa ölkənin ərazisinə iddia etmədi, əksinə, sülh təşəbbüsləri ilə çıxış etdi. Bu isə ölkənin yürüdüyü siyasətin regionda sabitliyə yönəldiyini göstərir.

Bu gün bir çox dövlətlər öz müstəqilliyini və maraqlarını qorumaq üçün silahlanmağa məcbur qalır. Bu, istəkdən yox, mövcud beynəlxalq reallıqlardan doğan zərurətdir. Belə şəraitdə ölkələr sosial rifahı artırmaq istəsələr də, imkanları məhdudlaşır və prioritetlər dəyişir”, – deyə Şair Ramaldanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
bizimyol.info

1Sources