Ceyhun Yusifov: “Söhbət hüququn dili ilə ifadə olunan, amma əslində dövlətin təhlükəsizlik doktrinasında baş verən ciddi transformasiyadan gedir”
Azərbaycan terror fəaliyyətinə görə cəzaları sərtləşdirib. Milli Məclisin son iclasında parlament Cinayət Məcəlləsinə və “Terrorizmə qarşı mübarizə haqqında” Qanuna son oxunuşda dəyişiklikləri qəbul edib. Cinayət Məcəlləsinə terror təşkilatının yaradılması, idarə olunması və iştirakına görə məsuliyyət müəyyən edən 214-4-cü maddə əlavə edilib. Təşkilatın yaradılması və ya idarə olunmasına görə cəza 10 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə, onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmədir. Şəxs əvvəlcədən hakimiyyət orqanlarına məlumat verərsə, cinayətin qarşısını almağa kömək edərsə və ya əlaqəli şəxslərin müəyyən edilməsinə kömək edərsə, əgər onların hərəkətləri başqa cinayət tərkibi yaratmırsa, məsuliyyətdən azad edilə bilər. Cinayət Məcəlləsinin terrorizmin maliyyələşdirilməsi və ona qarşı açıq çağırışlar maddələrinə, eləcə də “Terrorizmə qarşı mübarizə haqqında” Qanuna texniki dəyişikliklər də edilib.
Cinayət Məcəlləsinin sabotajla bağlı 282-ci maddəsinə də dəyişikliklər edilib: qorunan obyektlərin siyahısı vacib informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrini əhatə etməklə genişləndirilib və elmi və texnoloji potensialın zəifləməsi sabotaj məqsədləri siyahısına əlavə edilib. Ağırlaşdırıcı halların siyahısına mütəşəkkil qrup tərəfindən fövqəladə və ya hərbi vəziyyət şəraitində, kütləvi iğtişaşlar zamanı, vəzifə səlahiyyətlərindən istifadə etməklə törədilən və səhlənkarlıq nəticəsində ölümə və ya digər ağır nəticələrə səbəb olan təxribatlar daxil olmaqla genişləndirilib. Həmçinin təxribatın hazırlanmasında iştirak edən şəxsin onun qarşısının alınmasına dərhal kömək etdiyi və başqa cinayətlər törətmədiyi təqdirdə məsuliyyətdən azad edilə biləcəyi də nəzərdə tutulur. Qanunvericilikdə bu cür dəyişikliklər yalnız hüquqi akt kimi deyil, həm də siyasi mesaj kimi oxunur. Dövlət açıq şəkildə göstərir ki, terror və sabotaj fəaliyyətləri sistemli təhlükə kimi qiymətləndirilir, iştirak və yardım belə yüksək riskli cinayət kateqoriyasına daxildir və təhlükəsizlik dövlət siyasətinin mərkəzində dayanır. Burada əsas məqsəd cəzanı artırmaqdan çox, cinayətlərin baş verməsinin qarşısını almaq və təhlükəsizlik risklərini erkən mərhələdə zərərsizləşdirməkdir. Yeni dəyişikliklərin ən mühüm elementi terror təşkilatının yaradılması, idarə olunması və iştirakının ayrıca hüquqi çərçivədə daha ağır cəzalandırılmasıdır. Bu yanaşma klassik “fərdi cinayət” məntiqindən çıxaraq, “strukturlaşdırılmış təhlükə” konsepsiyasına keçidi ifadə edir. Başqa sözlə, artıq yalnız terror aktını həyata keçirən şəxs deyil, həmin strukturu yaradan və idarə edənlər də daha sərt məsuliyyət daşıyır. Bu isə hüquq sisteminin “zəncirvari məsuliyyət” prinsipini gücləndirir.
Tanınmış vəkil Ceyhun Yusifov “Yeni Müsavat”a deyib ki, Azərbaycan parlamentinin qəbul etdiyi bu dəyişikliklərə yalnız texniki hüquqi korrektə kimi baxmaq sadəlövhlük olardı. Burada söhbət hüququn dili ilə ifadə olunan, amma əslində dövlətin təhlükəsizlik doktrinasında baş verən ciddi transformasiyadan gedir: “Yeni əlavə olunan 214-4-cü maddə, yəni terror təşkilatının yaradılması, idarə olunması və iştirakın ayrıca cinayət kimi sərt şəkildə təsbit edilməsi klassik cinayət hüququ yanaşmasının genişləndirilməsidir. İndiyə qədər hüquq sistemi daha çox nəticəyə, yəni törədilmiş terror aktına fokuslanırdısa, indi artıq niyyət, struktur və təşkilatlanma mərhələsi cinayət məsuliyyətinin mərkəzinə çəkilir. Bu isə faktiki olaraq cinayət baş verməmişdən əvvəl müdaxilə modelidir”.
Ceyhun Yusifovun sözlərinə görə, burada dövlət “reaktiv hüquqdan preventiv hüquqa” keçir: “Bu çox vacib dönüşdür. Çünki terror artıq fərdi akt deyil, şəbəkə, maliyyə, ideoloji və logistika elementləri olan kompleks sistem kimi qəbul olunur. Bu sistemin istənilən halqasına daxil olan şəxs, istər təşkilatçı, istər maliyyələşdirici, istərsə də iştirakçı eyni təhlükə zəncirinin elementi sayılır. Məhz buna görə də cəzaların sərtləşdirilməsi sadəcə repressiv addım deyil. Əksinə, burada əsas məqsəd çəkindiricilik effektidir. Dövlət mesaj verir ki, hələ silah götürməyən, amma bu struktura qoşulanları hüquqi risk zonasında görür”.
Ceyhun Yusifov deyib ki, digər mühüm məqam sabotajla bağlı 282-ci maddəyə edilən dəyişikliklərdir: “Burada qorunan obyektlərin siyahısına informasiya infrastrukturu, enerji sistemləri və telekommunikasiya şəbəkələrinin daxil edilməsi təsadüfi deyil. Müasir dünyada müharibə artıq tank və top mərhələsini çoxdan keçib. Kiberməkan, enerji təminatı və informasiya axını dövlətlərin "sinir sistemi"nə çevrilib. Bu sistemə zərbə vurmaq bəzən fiziki terror aktından daha ağır nəticələr doğura bilər. Bu kontekstdə “elmi və texnoloji potensialın zəiflədilməsi”nin sabotaj məqsədi kimi tanınması xüsusilə diqqət çəkir. Bu, artıq klassik cinayət hüququndan çıxıb milli təhlükəsizlik hüququna keçiddir. Yəni dövlət yalnız bu günü deyil, gələcək inkişaf imkanlarını da hüquqi müdafiə altına alır".
Ceyhun Yusifov dəyişikliklərdə çox incə hüquqi mexanizmə - məsuliyyətdən azad edilmə institutunun saxlanılmasına da toxunub: “İlk baxışda bu, humanist addım kimi görünə bilər. Amma əslində bu, hüquq-mühafizə orqanları üçün strateji alətdir. Dövlət burada bir tərəfdən cəzaları sərtləşdirir, digər tərəfdən isə sistem daxilində olan şəxslərə çıxış yolu qoyur. Bu, terror şəbəkələrinin daxildən parçalanmasına hesablanmış hüquqi konstruksiyadır.
Daha bir mühüm məqam isə ağırlaşdırıcı halların genişləndirilməsidir. Xüsusilə fövqəladə və ya hərbi vəziyyət şəraitində, kütləvi iğtişaşlar zamanı törədilən əməllərin ayrıca qeyd olunması göstərir ki, qanunverici mümkün risk ssenarilərini əvvəlcədən hüquqi çərçivəyə salmağa çalışır. Bu isə artıq hadisədən sonra reaksiya deyil, “hadisədən əvvəl hüquqi hazırlıq” modelidir.
Ceyhun Yusifov dəyişikliklərin regionda və dünyada təhlükəsizlik mühiti kəskin şəkildə dəyişdiyi bir zamana təsadüf etməsinə diqqət çəkir: “Dövlətlər artıq yalnız açıq terror aktlarından deyil, hibrid təhdidlərdən - informasiya təxribatı, iqtisadi sabotaj, enerji infrastrukturlarına hücum və s. qorunmağa çalışır. Azərbaycan da bu reallıqdan kənarda deyil. Bu dəyişikliklər bir növ səssiz fövqəladə vəziyyət hüququnun elementlərini ehtiva edir. Yəni formal olaraq fövqəladə vəziyyət elan olunmur, amma hüquq sistemi potensial təhlükələrə hazır vəziyyətə gətirilir. Nəticə etibarilə, Milli Məclisin qəbul etdiyi dəyişikliklər cəzanın sərtləşdirilməsindən daha çox, hüququn fəlsəfəsinin dəyişməsidir. Burada artıq əsas prinsip təhlükə baş verməzdən əvvəl onu hüquqi müstəvidə neytrallaşdırmaqdan ibarətdir. Bu isə o deməkdir ki, Azərbaycan hüquq sistemi terror və sabotajla mübarizədə yeni mərhələyə - preventiv, sistemli və çoxsəviyyəli müdafiə modelinə daxil olur”.
E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”