EN

Bakı Roma xətti güclənir: Strateji əməkdaşlıq yeni mərhələyə keçir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ilə İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli görüşərək siyasi, iqtisadi və strateji əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Görüşdə regional və beynəlxalq məsələlər, həmçinin Corcia Meloninin Azərbaycana planlaşdırılan səfəri və Birgə Fəaliyyət Planının icrası diqqət mərkəzində olub. 2026–2027-ci illəri əhatə edən plan çərçivəsində 18 istiqamət üzrə 65 tədbirin həyata keçirilməsi nəzərdə tutulur.Bu əməkdaşlıq Azərbaycan–İtaliya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İtaliya Azərbaycanın Avropada ən etibarlı dostu, strateji tərəfdaşlarından biridir. İkinci Qarabağ müharibəsi zamanı İtaliyanın bəzi Avropa ölkələrindən fərqli olaraq nümayiş etdirdiyi konstruktiv mövqe, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə sadiqliyi bu dostluq və strateji tərəfdaşlığın bariz nümunəsi idi. Bakı ilə Roma arasında qurulan yüksəksəviyyəli əməkdaşlıq bu gün bütün sahələrdə inkişaf dövrünü yaşayır.

“Müasir dövrdə Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin tarixi ötən əsrin 90-cı illərinə təsadüf edir. 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qurulan bu münasibətlər qarşılıqlı hörmət və suverenlik prinsiplərinə sadiqlik əsasında inkişaf edib. Zaman keçdikcə bu münasibətlər qarşılıqlı səfərlər, imzalanan sazişlər və qurulan əməkdaşlıq nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, – deyən deputat bildirib ki, Azərbaycan–İtaliya münasibətlərinin ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik ölkə kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliya Azərbaycanın ixrac etdiyi təbii qazın əsas alıcılarındandır. Bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən əməkdaşlıq xüsusi vurğulanmalıdır. Sözügedən layihə sayəsində Azərbaycan qazı birbaşa Avropa bazarlarına çıxarılır. Bu dəhlizin Avropa hissəsində əsas rol oynayan Trans Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına daxil olur. Beləliklə, Trans Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi ilə İtaliya Azərbaycanın ən böyük qaz idxalçılarından birinə çevrilib.

Deputat vurğulayıb ki, Bakı ilə Roma arasında təkcə enerji deyil, hər iki ölkənin maraqlarına uyğun digər istiqamətlərdə də əməkdaşlıq mövcuddur. Eyni zamanda qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün kifayət qədər böyük potensial var və bu potensialdan istifadə etməklə münasibətləri yeni bir mərhələyə daşımaq mümkündür.

Nəsib Məhəməliyev hesab edir ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovun İtaliyaya səfəri məhz həmin potensiallardan istifadə edərək Bakı ilə Roma arasında münasibətləri yeni mərhələyə aparmaq məqsədi daşıyır: “Azərbaycan–İtaliya münasibətləri müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı maraqlara əsaslanan, dinamik inkişaf edən və strateji əhəmiyyət daşıyan tərəfdaşlıqlardan biridir.

Azərbaycan ilə İtaliya arasında əlaqələr təkcə iqtisadi və enerji sahələri ilə məhdudlaşmır, eyni zamanda siyasi dialoq, mədəni əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini də əhatə edir. Bu münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Elçin Əmirbəyovun İtaliyaya səfəri xüsusi yer tutur. Bu səfər çərçivəsində keçirilən görüşlər və müzakirələr əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə təkan verə bilər. Elçin Əmirbəyovun İtaliyaya səfəri zamanı bu ölkə rəsmiləri ilə keçirdiyi görüşlər iki ölkə arasında qarşılıqlı etimadı daha da möhkəmləndirə, strateji tərəfdaşlığın gələcək inkişaf perspektivlərini müəyyənləşdirə bilər”.

Deputat qeyd edib ki, səfər zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bir daha vurğulanıb və İtaliya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Onun sözlərinə görə, Elçin Əmirbəyovun İtaliyaya səfəri zamanı Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri də müzakirə olunub. Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində fəaliyyəti Roma tərəfindən təqdir olunur və İtaliya da öz növbəsində regionda tezliklə davamlı və qalıcı sülhün əldə edilməsini istəyir: “Rəsmi Bakının sülh gündəliyi, bu istiqamətdəki səylərinin Romaya çatdırılması baxımından da bu səfər mühüm əhəmiyyət kəsb edir”.

Nəsib Məhəməliyev vurğulayıb ki, yaxın vaxtlarda Corcia Meloninin Azərbaycana səfəri baş tutacaq. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin İtaliyaya səfəri zamanı bu ölkənin Baş nazirinin ölkəmizə səfərinin detalları, həmçinin iki ölkə arasında mövcud olan Birgə Fəaliyyət Planı ətrafında da fikir mübadiləsi aparılıb.

“Birgə Fəaliyyət Planının icrasında siyasi dialoq mühüm yer tutur. Azərbaycan və İtaliya arasında yüksək səviyyəli səfərlərin intensivliyi artıb, dövlət başçıları və hökumət nümayəndələri arasında müntəzəm görüşlər keçirilib. Bu görüşlər çərçivəsində strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və əməkdaşlığın hüquqi bazası möhkəmləndirilib.

Parlamentlərarası əlaqələr də genişlənib, dostluq qrupları və komitələr səviyyəsində əməkdaşlıq dərinləşib”, – deyən deputat hesab edir ki, yüksək səviyyədə inkişaf edən iqtisadi əlaqələr nəticəsində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. İtaliya şirkətlərinin iştirakı ilə Azərbaycanda sənaye, tikinti, memarlıq və infrastruktur layihələri həyata keçirilib. Kiçik və orta bizneslər arasında əlaqələr qurulub, birgə müəssisələr yaradılıb.

Deputatın sözlərinə görə, birgə fəaliyyət planının mühüm komponentlərindən biri də təhsil sahəsində əməkdaşlıqdır. Azərbaycan və İtaliya universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirilir.

“Ümumilikdə, 2026–2027-ci illəri əhatə edən plan çərçivəsində 18 istiqamət üzrə 65 tədbirin həyata keçirilməsi nəzərdə tutulur.H əm Elçin Əmirbəyovun İtaliyaya səfəri və keçirilən görüşlər, həm də İtaliya Baş nazirinin Azərbaycana gözlənilən səfəri bu Fəaliyyət Planının icrası istiqamətində fikir mübadiləsinin aparılması və onların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir”-deyə Nəsib Məhəməliyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
bizimyol.info

1Sources