EN

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin aprelin 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 min manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Sevinc Əlisafa qızı Hüseynovanın yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyənin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Sevinc Əlisafa qızı Hüseynova Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyənin Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

“Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Chosen
57
36
azerbaijan-news.az

10Sources