Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn həftəsi”nin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dizayn fakültəsinin təşkil etdiyi tədbir yaradıcılıq mühitinin gücləndirilməsi, innovativ ideyaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi diqqət çəkib.
Açılış mərasimində çıxış edən Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov “Dizayn həftəsi”nin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, yeni ideyaların dəstəklənməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, Dizayn fakültəsi qısa müddət ərzində universitetin dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilib.
Professor Gülçöhrə Məmmədova fakültədə formalaşan yaradıcı mühitin tələbələrin potensialının inkişafına geniş imkanlar yaratdığını diqqətə çatdırıb. O, həmçinin süni intellektin dizayn və tədris sahəsinə tətbiqinə toxunaraq, bu istiqamətin yeni imkanlar yaratdığını, lakin onun istifadəsində məsuliyyətli və balanslı yanaşmanın vacibliyini qeyd edib.
FOTO Azərbaycan Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev AzMİU-da memarlıq və dizayn sahəsində formalaşmış akademik mühitin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev isə AzMİU-da tətbiq olunan müasir tədris yanaşmalarının öyrənilməsində maraqlı olduqlarını deyib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Odlar Yurdu Universiteti İdarəetmə Şurasının sədri professor Samir Vəliyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov da çıxış edərək layihənin gənclərin yaradıcılıq potensialının inkişafında rolunu qeyd ediblər.
Çıxışlardan sonra AzMİU ilə Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədlərdə birgə elmi-tədqiqat və yaradıcılıq layihələrinin həyata keçirilməsi, seminar və ustad dərslərinin təşkili, sərgilərin keçirilməsi, inklüziv təhsil imkanlarının genişləndirilməsi və tələbələrin peşə bacarıqlarının inkişafı kimi istiqamətlər əksini tapıb.
Açılış günü çərçivəsində qonaq universitetlərin tələbələrinin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Sərgilər ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin gücləndirilməsi və gənc dizaynerlərin yaradıcılıq potensialının təqdim olunması məqsədi daşıyıb.
Qeyd olunub ki, “Dizayn həftəsi” bu il xüsusi əhəmiyyət kəsb edir. Belə ki, tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində keçirilir. Bu isə gənclərin müasir dizayn düşüncəsi və dayanıqlı şəhər mühiti konsepsiyaları ilə tanışlığı baxımından xüsusi önəm daşıyır.
AzMİU-nun dizayn sahəsində beynəlxalq uğurları da diqqətə çatdırılıb. Qeyd edilib ki, universitet 2026-cı il üzrə QS dünya universitetləri reytinqində dizayn sahəsi üzrə ilk dəfə yer alaraq ölkə üzrə yeganə təmsilçi kimi ilk 250 universitet sırasında qərarlaşıb.
Ümumilikdə, “Dizayn həftəsi” çərçivəsində keçirilən tədbirlər AzMİU-nun memarlıq və dizayn sahəsində mövqeyini daha da gücləndirməklə yanaşı, gənclərin yaradıcılıq potensialının inkişafına və yeni əməkdaşlıq platformalarının formalaşmasına mühüm töhfə verir.













Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.