EN

Bank kreditinə alternativ Yeni qanun nələri dəyişəcək?

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda lizinq bazarının canlandırılması və bu sahədəki faiz dərəcələrinin optimallaşdırılması iqtisadiyyatın real sektoru üçün yeni imkanlar vəd edir. Xüsusilə hazırlanan yeni qanunvericilik təşəbbüsləri bu maliyyə alətini sahibkarlar üçün daha əlçatan və şəffaf etməyi hədəfləyir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, lizinq bazarında faizlərin azalması ilə bağlı formalaşan gözləntilər ilk növbədə “Maliyyə lizinqi haqqında” yeni qanun layihəsinin yaratdığı institusional dəyişikliklərlə əlaqələndirilir."Düşünürəm ki, bu sənəd sektorun hüquqi bazasını vahidləşdirərək riskləri azaldacaq, şəffaflığı artıracaq və nəticə etibarilə lizinq xidmətlərinin maya dəyərinə təsir göstərəcək. Yeni yanaşma çərçivəsində lizinq şirkətlərinin fəaliyyətinin daha sistemli şəkildə tənzimlənməsi, onların nəzarət mexanizmlərinə cəlb olunması və maliyyə intizamının gücləndirilməsi nəzərdə tutulur. Bu isə bazarda risklərin azalmasına, kredit tarixçələrinin və risk qiymətləndirmə mexanizmlərinin təkmilləşməsinə səbəb ola bilər. Belə olanda da lizinq əməliyyatlarında tətbiq olunan faiz və xidmət haqlarının aşağı düşməsi üçün zəmin yaranır. Həm də qanun layihəsi lizinq şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirə, onların daha ucuz kapital cəlb etməsinə şərait yarada bilər".Ekspert bildirib ki, bu faktor da birbaşa olaraq qiymətlərin formalaşmasına təsir edən əsas elementlərdən biridir. "Mühüm məqamlardan biri də bazarda rəqabətin artmasıdır. Yeni hüquqi çərçivə daha çox iştirakçının bazara daxil olmasını təşviq edə, bu isə qiymətlərin optimallaşmasına gətirib çıxara bilər. Qanunun qəbulundan sonra lizinq münasibətlərində qiymətlərin formalaşma mexanizminin də dəyişəcəyi gözlənilir. Lizinq daha çox icarə əsaslı maliyyə aləti kimi strukturlaşacaq, ödənişlər isə daha şəffaf komponentlər, xidmət haqqı, aktivin dəyəri və müddət üzrə bölünəcək. Bu da sahibkarlar üçün daha aydın və proqnozlaşdırıla bilən maliyyə mühiti yaradacaq".Onun sözlərinə görə, yeni tənzimləmələrin xüsusilə kiçik və orta biznes subyektləri üçün əhəmiyyətli imkanlar açacağı vurğulanır. "Kreditə çıxışı məhdud olan sahibkarların lizinq vasitəsilə maliyyə resurslarına çıxışı genişlənə bilər ki, bu da real sektor investisiyalarını stimullaşdıracaq. Düşünürəm ki, lizinq faizlərinin dərhal kəskin şəkildə azalması gözlənilmir. Yeni tələblərin tətbiqi ilkin mərhələdə müəyyən xərclər yarada bilər və təsirlər daha çox orta və uzunmüddətli dövrdə özünü göstərəcək. Qısaca desək, yeni qanun layihəsinin qəbul edilməsi lizinq bazarında şəffaflığın artmasına, rəqabətin güclənməsinə və maliyyə əlçatanlığının genişlənməsinə xidmət etməklə sektorun davamlı inkişafına mühüm töhfə verə bilər".Yəni, yeni qanun sayəsində lizinq şirkətləri daha intizamlı işləyəcək, risklər azalacaq və bu da vaxtla lizinq faizlərinin aşağı düşməsinə, sahibkarların isə daha asan texnika almasına kömək edəcək.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
demokrat.az

1Sources