EN

Rusiyanın hərbi bumu iqtisadi çöküşü gizlədir

Rekord dərəcədə aşağı işsizlik milyonlarla işçinin yoxluğu ilə izah olunur...

Müəllif: Aleksey Kovalyev, müstəqil jurnalist
Foreign Policy nəşri

İlin əvvəlində Rusiyanın Tatarıstan bölgəsində yerləşən “Alabuqa” sənaye kompleksi rusiyalı yeniyetmələr üçün işə qəbul elanları yayımlayıb. Şirkət uşaqlara ölkə üzrə orta göstəricidən xeyli yüksək maaş vəd edərək onları “Gəran” tipli zərbə dronlarının yığılmasına cəlb etməyə çalışıb. Bu dronlar İran istehsalı “Shahed”lərin rus analoqu hesab olunur və artıq dörd ildir ki, demək olar hər gecə Ukraynadakı mülki əhaliyə qarşı istifadə edilir.

Bu işə qəbul kampaniyası iki vacib məqamı üzə çıxarıb: birincisi, “Alabuqa”nın əvvəl təqdim olunduğu kimi tədris müəssisəsi olmadığı, ikincisi isə Rusiyada işçi qüvvəsi çatışmazlığının nə qədər dərinləşdiyi. Əmək resursları uğrunda ordu ilə rəqabət o qədər kəskinləşib ki, artıq silah istehsalı üçün uşaqların açıq şəkildə işə cəlb edilməsi gizlədilmir.

“Alabuqa” daha əvvəl də beynəlxalq diqqət mərkəzində olub. Araşdırmalar göstərib ki, müəssisə Afrikadan, Asiyadan və Latın Amerikasından olan gənc qadınları təhsil və ya mülki iş vədləri ilə cəlb edib, daha sonra isə onları sərt rejim və ağır şəraitdə dron istehsalına yönləndirib.

Lakin problem yalnız bir müəssisə ilə məhdudlaşmır. Rusiya prezidenti Vladimir Putin rekord aşağı işsizlik səviyyəsini – hazırda rəsmi olaraq 2,1 faiz – iqtisadi dinamikanın göstəricisi kimi təqdim edir. Halbuki, bu göstəricinin arxasında ciddi işçi çatışmazlığı dayanır. Rəsmi məlumatlara görə, 2025-ci ildə emal sənayesində təxminən 2 milyon işçi çatışmazlığı mövcud olub və bu rəqəmin onilliyin sonuna qədər 10 milyonu keçəcəyi gözlənilir.

Hərbi sənaye yalnız mövcud işçi qüvvəsini cəlb etmir, həm də maaşları elə səviyyəyə qaldırır ki, mülki sektor bu rəqabətə davam gətirə bilmir. Silah istehsal edən zavodlar dövlət subsidiyaları alır və işçilərə səfərbərlikdən möhlət kimi əlavə üstünlüklər təqdim edir.

Bu şəraitdə kənd təsərrüfatı, mülki sənaye və infrastruktur kimi vacib sahələr ciddi zərbə alır. Məsələn, yalnız kənd təsərrüfatı sektoru hər il təxminən 150 min işçi itirir. 2022-ci ildən etibarən bəzi bölgələrdə maaşların 30–60 faiz artması da bu balanssızlığı daha da gücləndirib.

Nəticədə iqtisadiyyat iki hissəyə bölünüb: müdafiə sektoru üç növbə ilə işləsə də, kadr çatışmazlığı yaşayır, mülki sektor isə tədricən zəifləyir.

Mövcud böhran yalnız müharibənin nəticəsi deyil. COVID-19 pandemiyası nəticəsində Rusiyada təxminən 1 milyon əlavə ölüm qeydə alınıb. Demoqrafik vəziyyət o qədər ağırdır ki, 2025-ci ildə rəsmi qurumlar doğum statistikasını açıqlamağı dayandırıb.

Müharibə isə vəziyyəti daha da ağırlaşdırıb: yüz minlərlə əmək qabiliyyətli kişi ya həlak olub, ya da əlil qalıb. Eyni zamanda, 500 mindən 1 milyona qədər insan ölkəni tərk edib.

Bu gün mülki sektor qalan işçilər uğrunda həm hərbi sənaye, həm də ordu ilə rəqabət aparır. Müdafiə sektorunda maaşlar bəzi hallarda regional orta göstəricidən 3–4 dəfə yüksəkdir.

Bununla yanaşı, Rusiya miqrant siyasətində sərtləşmə apararaq özünü ənənəvi işçi mənbələrindən məhrum edib. 2024-cü ildə minlərlə Orta Asiya vətəndaşı saxlanılıb və deportasiya edilib. Bu isə regiondan gələn əmək miqrasiyasını kəskin azaldıb.

Nəticədə Rusiya xaricdən işçi qüvvəsi cəlb etməyə məcbur qalıb. Məsələn, Hindistan vətəndaşlarına verilən iş icazələrinin sayı son illərdə dəfələrlə artıb. Eyni zamanda, Şri-Lanka və Myanma ilə əmək müqavilələri imzalanır.

Lakin problem ondadır ki, işçi və hərbi cəlb mexanizmləri bir-biri ilə qarışır. Xaricdən gələn insanlar çox vaxt hansı sahəyə yönləndiriləcəklərini əvvəlcədən bilmirlər və bəzi hallarda birbaşa cəbhəyə göndərilirlər.

Bu hallar beynəlxalq narazılıqlara səbəb olub. Hindistan rəhbərliyi öz vətəndaşlarının taleyi ilə bağlı narahatlığını bildirib, Nepal isə vətəndaşlarının Rusiyaya işləməyə getməsini qadağan edib.

Mövcud böhranın əsas səbəbi isə daha dərindir: 1990-cı illərdə doğum səviyyəsinin kəskin azalması nəticəsində bu gün əmək bazarında olması lazım olan 25–35 yaşlı nəsil demək olar ki, yoxdur. Bu isə sənayedə kadr çatışmazlığını struktur problemə çevirir.

Beləliklə, Rusiyanın üzləşdiyi böhran həm demoqrafik, həm iqtisadi, həm də hərbi faktorların eyni vaxtda təsiri nəticəsində formalaşıb və bu vəziyyətdən çıxış qısa müddətdə mümkün görünmür.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources