Xəzər dənizi akvatoriyasında 2026-cı il mayın 1-dən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək. Bununla əlaqədar aprelin 22-27-də Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçirilib.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, görüşlər Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin sahil nəzarəti bölmələri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin regional şöbələri ilə birgə Bakı, Sumqayıt, Lənkəran, Astara, Siyəzən, Abşeron, Qaradağ və Neftçala rayonlarında təşkil olunub.
Görüşlər zamanı sənaye və həvəskar balıq ovu ilə məşğul olan balıqçılara Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın tələbləri izah edilib, su bioresurslarının mühafizəsi ilə bağlı ətraflı söhbətlər aparılıb. Balıqçılara 2026-cı il 1 may tarixindən qüvvəyə minəcək balıq ovuna tətbiq edilən mövsümi qadağa barədə geniş məlumat verilib.
Vurğulanıb ki, qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcək.
İctimaiyyətə bir daha xatırladırıq ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.