EN

Vətəndaşların şəxsi istifadə üçün xaricdən 300 dollar dəyərində mal gətirməsinə dair limit dəyişir? – Komitə sədri aydınlıq gətirdi

Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən ölkəyə dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğində mal gətirilməsi məsələsində dəyişiklik nəzərdə tutulmur.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Şahin Bağırov qeyd edib ki, bir sıra ölkələrdə vətəndaşlar üçün belə güzəştlər azaldılsa və ləğv olunsa da, Azərbaycanda sosial yanaşma baxımından bu limit saxlanılır: “Azərbaycanda 1 milyon 200 mindən çox insan elektron ticarətlə məşğuldur, 18 milyon da bəyannamə olub. Elektron ticarətin həcmi artır. Bunun uçotunu yaratmaq lazımdır, biz bunu yaratmışıq. Elektron ticarət məsələsindən bəzi hallarda insanlar sui-istifadə edir, aylara bölərək malları paylanmış şəkildə, yaxud həmin malları başqa insanların adı altında ölkəyə gətirirlər. Demirik ki, elektron ticarətdə bunun faizi çoxdur, amma belə hallar var”.

Qeyd edək ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Chosen
40
7
heftelik.az

10Sources