EN

Kür niyə cilovlanmır? – Ekoloqdan XƏBƏRDARLIQ

Kür çayında su səviyyəsinin qəfil yüksəlməsi yenidən təbiətin gücünü və onunla yaşamağın nə qədər həssas balans tələb etdiyini göstərib.

Sabirabad rayonunda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpünün su altında qalması nəticəsində iki kənd arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayanıb. Son günlər yağan intensiv yağışlar çayın səviyyəsini artıraraq həm gündəlik həyatı, həm də kəndlərin hərəkət imkanlarını çətinləşdirib.

Bu cür hallarda əsas sual təkcə baş verən fəlakətin nəticələri yox, həm də onun qarşısının necə alınmasıdır. Bəs çaylarda sululuğun artması necə idarə olunmalıdır ki, insanlar daha az zərər görsün, təsərrüfatlar və infrastruktur ciddi risk altında qalmasın?

Rövşən

Mövzu ilə bağlı Musavat.com-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, belə məqamlarda su anbarlarındakı suyun idarə olunması düzgün aparılmalıdır: “Çaya çox su gələndə qapılarını (şlüzləri) aşağı endirirlər ki, artıq su aşağı axıb getsin və ətrafda daşqın olmasın. Yəni, bilinməlidir ki, yazda bu qədər su gələcək, biz bunu idarə edib yönləndirəcəyik, suyu lazım olan istiqamətə buraxacağıq.

Su anbarı vaxtında boşaldılmalı idi. Mənim başa düşdüyüm odur ki, bu su anbarı yanvar, fevral, dekabr aylarında boşaldılmayıb və dolu qalıb. İndi isə gələn suyu qəbul etmək üçün boş yer yoxdur. Bunu niyə boşaltmayıblar? Burada bir məntiq var: ötən illərdə Azərbaycanda quraqlıq olub və su ehtiyatı saxlamaq üçün anbarlar dolu saxlanılıb. Amma bunun üçün düzgün proqnoz lazımdır. Hidroloji proqnozlar burada əsas rol oynayır. May ayı gəlir, qarın ərimə dövrü tam başlamayıb, amma bundan sonra daha çox su gələcək. Bu suyu saxlamaq üçün su anbarında boş yer olmalıdır”.

R. Abbasov bildirir ki, axını tutmaq üçün müəyyən həcm boş qalmalıdır ki, gələn suyun qarşısı alına bilsin: “İndi isə vəziyyət odur ki, həmin boşluq yoxdur, anbar doludur. Bu halda təcili olaraq sahilbəndlər möhkəmləndirilməlidir, əhali məlumatlandırılmalıdır ki, təhlükə var. Əhali mümkün qədər az riskli ərazilərdə olmalıdır. Çünki daşqın zamanı böyük ziyan ola bilər.

Ona görə də hazırlıq çox vacibdir və əhali ilə düzgün maarifləndirmə aparılmalıdır. Bu, çox çətin idarəçilik məsələsidir. Bunu idarə etmək üçün insanın anlayışı və düzgün baxışı olmalıdır. Sadəcə, kimisə vəzifəyə qoymaqla iş bitmir. Bu, sistemli yanaşma tələb edir. Məsələn, bəzi ölkələrdə bunun üçün xüsusi qurumlar və qruplar fəaliyyət göstərir. Sahilbəndlərin möhkəmləndirilməsi vaxtında aparılmalı, suyun qalxa biləcəyi nəzərə alınmalıdır. Çünki su qalxa bilər və qalxacaq da”.

Şahanə Rəhimli,
Musavat.com

Chosen
39
musavat.com

1Sources