Xətai rayonunda yerləşən 90 uşağın əmanət edildiyi Elman Məmmədov adına körpələr evi - uşaq bağçasının təxminən 1 ay əvvəl yağan intensiv yağışlardan sonra pis vəziyyətə düşdüyü iddia edilir.
Bu barədə valideynlər bildirib.
“Mən uşağımı bu gün bağçaya gətirə bilməmişəm çünki təhlükəlidir. Qorxuram ki, nəsə uçub uşağın başına düşər”, - deyə valideynlərdən biri qeyd edib.
Bağçanın işçiləri də binanın vəziyyətindən narahatdırlar:
“Yağan yağışlardan sonra bağçamız qəzalı vəziyyətə düşüb. Mətbəxdə çatlar var, təhlükəlidir. Qorxuruq ki, nəsə ola bilər. Ağaclar aşıb, elektrik naqilləri qırılıb, belə də qalıb”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın vəziyyətindən xəbərdardılar:
“Dəfələrlə əraziyə baxış keçirilib, İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib, su kanal idarəsinin əməkdaşları da suların çəkilməsi üçün əraziyə cəlb edilib”.
Aşan ağaclarla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən uşaq bağçasından müraciət daxil olmayıb, müraciət olunduqda ağaclara yerində baxış keçirilərək müvafiq qərar qəbul ediləcək.
Şəhər Təhsil İdarəsindən isə qeyd olunub ki, Xətai rayonu Elman Məmmədov adına uşaq bağçası 1935-ci ildə istifadəyə verilib.
“Uzunmüddətli istismar nəticəsində bağçanın binası köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb. Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür”, - deyə qeyd edilib.