EN

Rusiya xarici ölkələrdən insanları müharibəyə cəlb etmək üçün qlobal şəbəkə yaradıb

Hesabatda 130-dan çox ölkədə həssas qrupların hədəf alındığı bildirilir...

Beynəlxalq İnsan Hüquqları Federasiyası, “Truth Hounds” təşkilatı və Qazaxıstanın Beynəlxalq İnsan Hüquqları Bürosunun hazırladığı yeni hesabatda qeyd olunur ki, Rusiya Ukraynadakı müharibədə iştirak üçün xarici vətəndaşların cəlb edilməsini sistemli şəkildə təşkil edib.

Poliqon xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Sənədə əsasən, bu şəbəkə 130-dan çox ölkəni əhatə edir və əsasən həssas qruplar – qeyri-qanuni miqrantlar, saxlanılan şəxslər, aztəminatlı işçilər və tələbələr – hədəf alınır. 2022-ci ilin fevralından etibarən ən azı 27 min nəfərin cəlb edildiyi bildirilir. Ukrayna tərəfi isə 2026-cı ildə əlavə 18,5 min nəfərin cəlb olunacağını proqnozlaşdırır.

Hesabat müəllifləri qeyd edirlər ki, itkilərin artması və yeni səfərbərlikdən yayınmaq məqsədilə Moskva cəlbetmə tələblərini sadələşdirib, pul və vətəndaşlıq vədləri təqdim edir.

Hüquq müdafiəçiləri zorakılıq və aldatma hallarını da təsvir edirlər. Onların sözlərinə görə, miqrantlara qarşı reydlər keçirilir, deportasiya ilə hədələnir, sənədləri müsadirə olunur və “döyüş olmayan işlər” vəd edilir. Lakin sonradan həmin şəxslər hərbi müqavilələrə cəlb olunur və cəbhəyə göndərilir.

Əsir götürülmüş 16 nəfərdən 13-ü bildirib ki, onlara döyüşlərdə iştirak etməyəcəkləri vəd olunub, lakin qısa müddət sonra ön xəttə göndəriliblər. Bəzi hallarda onların “ən təhlükəli hücum əməliyyatlarında” istifadə edildiyi qeyd olunur.

Ukrayna tərəfinin qiymətləndirmələrinə görə, ən azı 3 388 xarici döyüşçü həlak olub və ölüm səviyyəsinin 20 faizə qədər çata biləcəyi ehtimal olunur.

Hesabat müəllifləri hökumətləri belə cəlbetmə fəaliyyətlərinin qarşısını almağa, Moskvaya təzyiq göstərməyə və bu şəxslərin vətənlərinə qaytarılmasına nail olmağa çağırırlar. Rusiya hakimiyyəti isə məsələ ilə bağlı sorğulara cavab verməyib.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources