Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 27-ci ildönümü tamam olur. Bu əlamətdar tarix münasibətilə “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Qasımov QHT.az-a açıqlamasında xüsusi təyinatlıların keçdiyi şərəfli döyüş yolundan və qazandıqları nüfuzdan bəhs edib.
Rey Qasımov bildirib ki, Azərbaycan Milli Ordusu 1991-ci ildə yaradılsa da, həmin dövrdən əvvəl və sonrakı illərdə torpaqların müdafiəsində xüsusi təyinatlı polis dəstələri mühüm rol oynayıb. Onun sözlərinə görə, “ermənilərlə üzbəüz döyüş bölgələrində ərazilərimizin qorunmasında AMON kimi xüsusi dəstələr iştirak edirdi”.
1991-ci ilin sentyabrında Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Müseyibin təşəbbüsü ilə Ağdamda ilk özünümüdafiə batalyonu yaradılıb:
“Bu batalyonlar Ağdamla yanaşı Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və digər rayonlarda da təşkil olunurdu. Həmin dövrdə bu təşəbbüslər yerli icra strukturlarının qərarları ilə həyata keçirilirdi”.
Açıqlamada vurğulanıb ki, müasir xüsusi təyinatlıların formalaşmasında 1995-ci ildə yaradılmış “Qrom-1”, “Qrom-2” və “Qrom-3” qruplarının xüsusi rolu olub:
“Hər biri 11 nəfərdən ibarət olan bu qruplar döyüş hazırlığı və peşəkarlıq baxımından seçilən ilk xüsusi təyinatlı nümunələri idi”.
Qasımov 1999-cu ildə ümummilli lider Heydər Əliyev-in tapşırığı ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri rəsmi şəkildə formalaşdırıldığını və bu gün qürurla xatırlanan gücə çevrildiyini qeyd edib.
Onun sözlərinə görə, xüsusi təyinatlılar həm 2016-cı ilin aprel döyüşlərində, həm də İkinci Qarabağ müharibəsi zamanı böyük qəhrəmanlıq göstəriblər:
“Xüsusilə Yaşma adı ilə tanınan hərbi hissənin döyüş yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb”.
QHT sədri qeyd edib ki, xüsusi təyinatlılar təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da nüfuz qazanıb:
“Bu qüvvələrin sıralarında xalqımızın ən cəsur, peşəkar və vətənpərvər övladları xidmət edir. Onların xidmətləri danılmazdır və hər zaman xalqımızın qürur mənbəyi olaraq qalacaq”.
Sonda Qasımov Rey Kərim oğlu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bütün şəxsi heyətini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Zəhra Ağayeva