EN

Kür çayında suyun səviyyəsinin qalxması əhalinin təşvişə salıb

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artıb. 

Yaranmış vəziyyət çayqırağı ərazilərdə yaşayan əhali arasında ciddi narahatlıq yaradıb. Suyun səviyyəsinin yüksəlməsi nəticəsində iki kəndi birləşdirən körpü su altında qalıb. Mövcud durum ətraf kənd sakinlərində subasma təhlükəsi ilə bağlı narahatlığı daha da artırır. 

Görəsən, bu təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görüləcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Hit.az-a açıqlamasında deyib ki, son dövrlərdə yağıntıların intensivləşməsi fonunda Kür çayında suyun artması daşqın ehtimalını yenidən aktuallaşdırıb: 

397909

“Bu çay üçün belə hallar yeni deyil və tarix boyu dəfələrlə təkrarlanıb. Bu baxımdan əsas müzakirə mövzusu 2010-cu ildə baş vermiş iri daşqınların yenidən yaşanıb-yaşanmayacağıdır. Yaz ayları, xüsusilə aprel və may dövrü çay üçün daha riskli mərhələ hesab olunur. Dağlıq ərazilərdə qarın əriməsi davam etdikcə çaya axan suyun həcmi artır və bu da səviyyənin yüksəlməsinə səbəb olur. Belə şəraitdə bəzi ərazilərdə su basma hallarının baş verməsi istisna edilmir və qabaqlayıcı tədbirlərin görülməsi vacib sayılır”.

Ekspert qeyd edib ki, çayboyu mühafizə qurğularının vəziyyəti də narahatlıq doğurur:

“Bəndlər uzun illərdir ciddi yenilənməyib və onların möhkəmləndirilməsi istiqamətində işlər yetərli səviyyədə aparılmayıb. Halbuki bu cür infrastrukturların gücləndirilməsi daşqınların təsirini azaltmaq üçün əsas şərtlərdən biridir”.

Onun sözlərinə görə, daşqın zamanı su altında qala biləcək sahələrin – yəni subasar zonaların – yenidən müəyyənləşdirilməsi və xəritələşdirilməsi mühüm əhəmiyyət daşıyır:

“Bu ərazilərdə tikintinin məhdudlaşdırılması gələcək risklərin qarşısını almağa kömək edə bilər. Əks halda, çaya yaxın ərazilərdə aparılan plansız tikinti işləri gələcəkdə ciddi fəsadlara yol açma ehtimalı var”.

Günel Cəlilova

Chosen
21
22
hit.az

10Sources