Son dövrlərdə müşahidə olunan sel və daşqınlar, iqlim dəyişikliyinin yaratdığı yeni reallıqlar fonunda təbii fəlakətlərə qarşı mübarizənin aktuallığını daha da artırıb. Bu şəraitdə dövlətin preventiv tədbirlərə üstünlük verməsi və bu istiqamətdə maliyyə resursları ayırması həm zəruri, həm də strateji baxımdan əsaslandırılmış addım kimi qiymətləndirilir.
Bu istiqamətdə Hafta.az-a açıqlama verən siyasi ekspert Aydın Quliyev qeyd edib ki, təbii fəlakətlərin qarşısının alınmasına yönələn dövlət vəsaitlərinin ayrılması müsbət haldır. Onun sözlərinə görə və bu göstərir ki, məsələ dövlət tərəfindən ciddi problem kimi qəbul olunur.
Ekspert hesab edir ki, iqlim dəyişikliyi ilə bağlı anormal təbiət hadisələrinin artdığı bir şəraitdə ən real və effektiv yanaşma məhz təbii fəlakətlərin qarşısının alınması və onların vurduğu ziyanın minimuma endirilməsi üçün önləyici tədbirlərin görülməsindən ibarətdir.
A.Quliyev məsələyə bir neçə mühüm aspektdən yanaşıb:
“İlk növbədə qeyd olunmalıdır ki, təbii fəlakətlərin daha çox ziyan vurduğu sahələr əsasən köhnəlmiş infrastrukturlardır. Uzun illər əvvəl qurulmuş kanalizasiya xətləri, plansız şəkildə salınmış yaşayış məhəllələri, çay yataqlarının vaxtında təmizlənməməsi və dərinləşdirilməməsi kimi problemlər bu riskləri daha da artırır. Bu baxımdan həmin infrastrukturların əsaslı şəkildə yenilənməsinə ciddi ehtiyac var ki, bu da öz növbəsində böyük maliyyə vəsaiti tələb edir.
Digər tərəfdən, ayrılan vəsaitlərin səmərəli istifadəsi məsələsi də xüsusi aktuallıq kəsb edir. Təəssüf ki, ölkədə, xüsusilə də icra strukturlarında korrupsiya hallarının tam aradan qaldırılması hələ də mümkün olmayıb. Bu səbəbdən də belə sərəncamlar imzalandıqda cəmiyyətdə müəyyən narahatlıqlar yaranır və vətəndaşları düşündürən əsas suallardan biri ayrılan vəsaitin nə qədər hissəsinin mənimsənilmədən real təyinatı üzrə istifadə olunacağı ilə bağlı olur.
Bu baxımdan nəzarət mexanizmlərinin gücləndirilməsi zəruri görünür. Mövcud təcrübə göstərir ki, bəzi hallarda nəzarət institutları gözlənilən effektivliyi təmin edə bilmir. Məsələn, Naxçıvan təcrübəsi və eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə bağlı Hesablama Palatası tərəfindən açıqlanan faktlar müəyyən maliyyə pozuntularının mövcudluğunu ortaya qoyub. Bu kimi hallar ayrılan vəsaitlərin xərclənməsi üzərində daha ciddi və şəffaf nəzarətə ehtiyac olduğunu göstərir”.
Ekspert bütün bunları nəzərə alaraq, belə qənaətə gəlib ki, ayrılan vəsaitlərin daha səmərəli idarə olunması üçün əlavə nəzarət mexanizmlərinin tətbiqi vacibdir:
"Xüsusilə, birbaşa yüksək səviyyədə nəzarəti təmin edən yeni institusional modelin yaradılması bu sahədə effektivliyi artıra bilər. Çünki müasir dövrdə əsas məsələ yalnız maliyyə vəsaitinin ayrılması deyil, onun təyinatı üzrə, şəffaf və nəticəyönlü şəkildə istifadə olunmasının təmin edilməsidir".