EN

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib

Bakı, 1 may, AZƏRTAC

Müstəmləkəçilik formal olaraq sona çatsa da, onun struktur nəticələri bu gün də müxtəlif formalarda özünü göstərməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Afrika üzrə İqlim Məsləhətləri Bürosunun Keniyadan olan redaktoru Brian Ngigi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, müasir dövrdə neokolonializm artıq birbaşa siyasi işğal formasında deyil, daha çox iqtisadi asılılıq, qeyri-bərabər tərəfdaşlıqlar və xarici təsir mexanizmləri vasitəsilə təzahür edir: “Bu proseslər bir sıra hallarda təbii resurslar üzərində xarici nəzarətin güclənməsi, dövlətlərin iqtisadi və siyasi qərarlarına təsir göstərən borc mexanizmləri və yerli sənayelərin inkişafını məhdudlaşdıran qlobal ticarət sistemləri ilə müşahidə olunur”.

B.Ngigi vurğulayıb ki, xüsusilə bəzi Afrika ölkələrində müasir texnologiyalar üçün vacib olan xammalın ixracı davam etdiyi halda, hazır məhsulların daha yüksək qiymətlərlə idxalı iqtisadi inkişafın qarşısını alan amillərdən biridir. Bu cür qeyri-bərabər münasibətlər daxili sənayeləşməni zəiflədir və iqtisadi müstəqilliyin möhkəmlənməsinə mane olur.

O, eyni zamanda, qeyd edib ki, iri infrastruktur layihələri və beynəlxalq investisiyalar inkişaf üçün vacib olsa da, bəzi hallarda onların uzunmüddətli maliyyə dayanıqlığı və strateji aktivlər üzərində təsiri ilə bağlı suallar doğurur: “Bu məsələlərə balanslı və konstruktiv yanaşmaq vacibdir. Qloballaşma və beynəlxalq əməkdaşlıq inkişaf üçün zəruridir, lakin bu proseslər ədalətli, qarşılıqlı hörmətə əsaslanan və bütün tərəflər üçün faydalı olmalıdır”.

B.Ngigi Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, bu cür təşəbbüslər gənc liderlərin gücləndirilməsi, dialoqun təşviqi və potensialın artırılması baxımından mühüm rol oynayır. Təhsil, liderlik və mədəniyyətlərarası əməkdaşlığa yönəlmiş bu təşəbbüslər yeni nəslin qlobal sistemləri daha effektiv şəkildə anlamaq və dəyişdirmək imkanlarını genişləndirir.

Fotoqraf - Səfiyar Məcnun
Operator - Şövqi Əzizov
Chosen
82
1
azertag.az

2Sources