EN

Məktəblərdə işdən çıxarılma növbəsi indi onlardadır

Xəbər verdiyimiz kimi, ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəb psixoloqları sertifikasiyadan keçəcək. 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı məlumat verib. Bildirilib ki, növbəti illərdə məktəb psixoloqları daxil olmaqla, bütün pedoqoji heyətin sertifikasiyadan keçirilməsi planlaşdırılır. 

Hazırda xüsusilə rayon məktəblərində ixtisaslı məktəb psixoloqlarının sayı kifayət qədər deyil və bir çox təhsil müəssisəsi bu sahədə kadr çatışmazlığı ilə üzləşir. 

Belə bir vəziyyətdə sertifikasiya nəticəsində bəzi psixoloqların işdən kənarlaşdırılması və ya ixtisarların baş verməsi ehtimalı məktəblərdə psixoloji xidmətin daha da zəifləməsi riskini yarada bilər. 

Son dövrlərdə məktəblərdə müşahidə olunan müxtəlif xoşagəlməz halların artdığını nəzərə alsaq, psixoloq çatışmazlığı ümumi vəziyyətə mənfi təsir göstərə  və mövcud problemləri daha da artıra bilər. 

Məktəb psixoloqlarının sertifikasiyası təhsil sisteminə hansı real dəyişiklikləri gətirə bilər? 

Mövzu ilə bağlı ”Cebheinfo.az" –a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu addım nəticəsində daha peşəkar kadrların seçilməsi və psixoloji xidmətin keyfiyyətinin artırılması hədəflənir: 

“Məktəb psixoloqlarının sertifikasiya prosesinə cəlb edilməsi qərarı, əslində, təhsil sisteminin illərdir qanayan yarasına – peşəkar diaqnostika və standartlaşdırma ehtiyacına verilən gecikmiş, lakin olduqca zəruri bir reaksiyadır. 

Biz bu gün məktəblərdə baş verən xoşagəlməz hallardan, bullinqdən və ya yeniyetmə böhranlarından danışırıqsa, kökündə dayanan əsas məsələ "Məktəbdə psixoloq varmı?" sualı deyil, "Həmin psixoloq müasir metodlarla müdaxilə etmək gücündədirmi?" sualıdır”. 

Onun sözlərinə görə, sertifikasiyanın əsas fəlsəfəsi kimisə sistemdən kənarlaşdırmaq yox, mövcud kadr potensialının mənzərəsini görməkdir: 

“Razıyam ki, xüsusilə regionlarda ixtisaslı kadr çatışmazlığı ciddi  reallıqdır. Lakin zəif hazırlıqlı kadrın "say xatirinə" yerində qalması, bəzən heç bir mütəxəssisin olmamasından daha riskli ola bilər. Çünki qeyri-peşəkar psixoloji yanaşma travmanı sağaltmır, əksinə, onu daha da dərinləşdirir. 

Sertifikasiya bir növ "peşəkar filtr" rolunu oynayacaq ki, bu da sahəyə təsadüfi gələnlərlə, həqiqətən bu işin yükünü çiyinlərində daşıyanları bir-birindən ayıracaq”.

Ekspert qeyd edib ki, ixtisarlar məsələsinə gəldikdə, bunu təhlükədən daha çox sistemin saflaşması və psixoloq ştatının nüfuzunun artması kimi görmək lazımdır: 

“Əgər bir mütəxəssis təməl psixoloji biliklərdən kənardırsa, onun uşaq taleyi ilə işləməsi onsuz da yolverilməzdir. Digər tərəfdən, sertifikasiyadan uğurla keçən psixoloqların əməkhaqqı artımı və statusunun möhkəmlənməsi bu sahəyə gənc və istedadlı kadrların axınını stimullaşdıracaq. 

Regionlardakı boşluq isə yalnız doğru stimullar və bu cür şəffaf qiymətləndirmə mexanizmləri ilə doldurula bilər. Bu proses sadəcə bir imtahan deyil, məktəb psixoloqunun statusunu "kağız üzərindəki vəzifə"dən "təhsilin əsas sütunu"na çevirmək cəhdidir. 

Keyfiyyət artımı kəmiyyət itkisindən daha strateji əhəmiyyət kəsb edir, çünki bizim məqsədimiz sadəcə otağı dolu saxlamaq deyil, o otaqdan çıxan uşağın ruh sağlığını sığortalamaqdır”. 

Chosen
28
1
cebheinfo.az

2Sources