EN

Süni intellekti psixoloq kimi GÖRMƏK OLARMI?

Müasir dövr süni intellekt dövrüdür, lakin biz bəzən əlimizdə olan vasitələrdən düzgün istifadə etmirik.

Bunu Day.Az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O, bəzi hallarda insanların psixoloji dəstək üçün süni intellektə üz tutmasının təsirlərindən danışıb.

Psixoloq bildirib ki, süni intellektdən təhsilimizdə və işimizdə böyük nailiyyətlər əldə etmək üçün yararlana bilərik.

"Lakin təəssüf ki, bəziləri ondan şəxsi məqsədlər üçün də istifadə edirlər. Mən artıq bir müddətdir bu mövzu haqqında danışıram və bildirirəm ki, süni intellekt nə həkim, nə psixoloq, nə də müəllim ola bilməz.

Çünki süni intellektlə dərdləşərkən o bizim şəxsi məlumatlarımızı emal edir və bizə uyğun şəkildə cavab verir. Bu isə bəzən insanı aldadıcı bir vəziyyətə sala bilər. Nəticədə insan özünü daha dərindən analiz etmir və real insanlardan aldığı emosional dəstəyi tədricən süni intellektdən gözləməyə başlayır. Beləliklə, insanlar insan ünsiyyətinin verdiyi hissləri süni intellektdən almağa meyil edirlə", - o deyib.

V.Əmiraslanova qeyd edib ki, bizimlə danışanın bir insan deyil, süni intellekt olduğunu anlamaq vacibdir:

"O, insan qədər hiss edə, intuisiya və düşüncələrimizi tam şəkildə anlaya bilməz. Buna görə də onun verdiyi məsləhətlər hər zaman düzgün və etibarlı olmaya bilər. Təəssüf ki, bəzən insanlar süni intellekti həkim və ya psixoloq kimi qəbul edərək yanlış qərarlar verir, hətta zərərli nəticələrlə üzləşə bilirlər. Bu səbəbdən bu məsələyə daha ciddi yanaşmaq və düzgün istifadəni təşviq etmək vacibdir", - deyə psixoloq vurğulayıb.

Nəsimi Ələsgərli

Chosen
24
day.az

1Sources