EN

AFFA “Araz Saatlı”nın pulunu niyə vermir? – Asim İbrahimov təhdid edib!

2-ci liqada qalmaq uğrunda mübarizə aparan “Araz Saatlı” hazırda ciddi maliyyə böhranı yaşayır. Klub prezidenti Ədalət Abdullayev də yanvardan bəri AFFA-dan pul almadıqlarını redaksiyamıza bildirib.

Klubun keçmiş təsisçisi Xəyal Məmmədov da bu barədə bəyanat yayıb:

“Ötən mövsüm klub rəhbərliyi tərəfindən baş məşqçi vəzifəsinə gətirilən Asim İbrahimov kluba sponsor cəlb edəcəyi və maliyyə dəstəyi təmin edəcəyi barədə vədlər verib. Eyni zamanda, o, şəxsi imicini “yüksək səviyyəli məşqçi” kimi göstərmək məqsədilə müqavilədə aylıq əməkhaqqının 2500 manat qeyd olunmasını birbaşa klub rəhbərliyindən tələb edib. Bu məbləğ real maliyyə imkanlarına uyğun olmasa da, onun təkidi ilə müqavilədə göstərilib. Lakin nə vəd olunan sponsor dəstəyi təmin olunub, nə də komanda hansısa uğurlu nəticə əldə edib. Qısa müddət ərzində uğursuz nəticələr üzündən Asim İbrahimovla müqaviləyə birtərəfli qaydada xitam verilib. Bundan sonra isə o, vəziyyətdən sui-istifadə edərək məsələni AFFA-ya çıxarıb, müqavilədə göstərilən məbləğin tam şəkildə ödənilməsini tələb edib, əks halda UEFA səviyyəsində şikayətlə hədələməyə başlayıb. Nəticədə AFFA tərəfindən kluba ayrılan aylıq 5800 manat vəsait dayandırılıb və klub faktiki blok vəziyyətinə salınıb. Hazırda klub 4 aydı ciddi maliyyə böhranı yaşayır. Futbolçular maaş ala bilmir, səfər oyunlarına getmək belə problemə çevrilib, klub dağılmaq təhlükəsi ilə üz-üzədi. Klubun rəsmi nümayəndəsi və keçmiş təsisçilərindən biri olan Xəyal Məmmədov tərəfindən məsələni sivil qaydada həll etmək, ödənişləri mərhələli şəkildə həyata keçirmək təklif olunsa da, qarşı tərəf heç bir güzəştə getmir və vəziyyəti qəsdən daha da gərginləşdirir. Açıq şəkildə bildiririk: bir şəxsin şəxsi maraqları və süni şəkildə şişirdilmiş müqavilə məbləği naminə 25-dən çox futbolçunun və bütöv bir klubun taleyinin risk altına atılması qəbuledilməzdi. Məsələ ictimailəşdirilir və aidiyyəti qurumları bu ədalətsiz vəziyyətə obyektiv yanaşmağa çağırırıq”.

Biz bu məsələ ilə bağlı AFFA-nın da mövqeyini işıqlandırmağa hazırıq.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
34
1
football-plus.az

2Sources