"2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər. Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə III Reyxlə bağlı Nürnberqdə mühakimə olunanlara da bəraət tələb edərdilər".
"Far.Az" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.
"Sənəddəki "Dağlıq Qarabağ" termini işğalçıların təkcə Qorbaçov deyil, eynilə Qərb dövlətləri və parlamentlərindən maliyyə, siyasi və hərbi yardım aldıqlarını sübut edir. Halbuki Ermənistan hökuməti həmin ifadələri işlətmir. Lakin ən başlıcası, qətnamənin adıdır, sitat- Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsi, xarici müdaxilədən-Moskvadan gələn hibrid hücumlardan qorunmaq.
Əgər doğrudan məqsəd 11 milyon avronu xərcləyib Ermənistanı xarici informasiya hücumlarından qorumaqdırsa, onda tam əksinə regionda sülhə zərbə vuran, Paşinyanın seçki platformasının əsas ideyasını-Azərbaycanla normallaşma prosesini pozan, "üçbaşlı müharibə partiyası"nı gücləndirən həm də Brüssel bürokratiyasıdır. Əlbəttə, onların böyük bir hissəsi qonşu dövlətlərin agentləridir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, bir neçə ay sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarət əlaqələri yarananda avroqətnamələr utanc səhifələri kimi tarixin arxivinə atılacaq:
"Qarabağ əhalisini geri qaytarmağa çalışanlar yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərdə tuturlar. Paşinyanın ən böyük rəqibləri daxildə üçbaşlı müharibə partiyası deyil, İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır".